Arif Əsədov: Elə uşaqlıqdan həmişə ailənin bir yerdə olmasına sevinmişəm

“Neftçi”nin veteran futbolçusu Arif Əsədov doğum gününü qeyd edib. Allsport.az saytı xəbər verir ki, 1970-ci ildə dünyaya gəlmiş sabiq müdafiəçi 1987-1997, 2000-2002-ci illər ərzində “Neftçi”nin heyətində 291 oyun keçirib, 5 qol vurub. SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandasının heyətində dünya (1987) və Avropa (1988) çempionu adını qazanmış Arif Əsədov 1993-2002-ci illərdə Azərbaycan milli komandasının heyətində 43 oyun keçirib. O, “Neftçi” ilə Azərbaycan çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1995, 1996) və superkubokunun (1993) qalibi olub. “Neftçi”nin (2010-2011, 2014-2015) və Azərbaycan U-19 milli komandasının (2007, 2012-2014) baş məşqçisi olmuş Arif Əsədov bu vəzifədə 2010-cu ildə “Neftçi”nin əvəzedici, 2011-ci ildə isə əsas komandası ilə ölkə çempionluğunu yaşayıb. Paytaxt klubunun rəsmi saytı “Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib:

– Doğum gününü ən yaxşı keçirməyin üsulu hansıdır?
– Yaxınlarını ətrafına yığmaq. Elə uşaqlıqdan bəri həmişə ailənin bir yerdə olmasına sevinmişəm.

– Yəni, demək olar ki, “genişheyətli məclislər” doğum gününüzdə olmur?
– Heç kimin adını çəkməyəcəm, amma müəyyən dostluq dairəmiz var. Deməzdim ki, genişdir. Adətən, doğum günümü o adamlarla qeyd edirəm. Amma bu il çoxu şəhərdə deyil.

– Bu 48 il ərzində ən maraqlı hədiyyə hansı olub?
– Hədiyyələrin reytinqini aparmıram, onların “hit-parad”ı olmur (gülür). Həmişə demişəm ki, əsas odur, sağlıq olsun, ən gözəl hədiyyə elə budur.

– Siz “Neftçi”nin futbolçusu olmaqdan başqa, həm də komandanı baş məşqçi kimi çalışdırmısız. Belə bir hal olub ki, doğum gününüz oyun gününə təsadüf eləsin?
– Xeyr. Amma bu sualınız 2010-cu ildə bütün komandanın məni təbrik etməsini yadıma saldı. Bazadaydıq. Üç gün əvvəl “Qəbələ” üzərində 2:0 hesablı qələbə qazanmışdıq və artıq “Simurq”la oyuna hazırlaşırdıq. Klub rəhbərliyi, məşqçi heyəti, hamı məni təbrik etdi. O doğum gününü şirniyyatla qeyd etdik. Üç gündən sonra isə “Simurq”a 4:0 hesabı ilə qalib gəldik. Onu da hədiyyə kimi qiymətləndirmək olar.

– İki oğlunuz “Neftçi”də çalışır. Onların işini nəzarətdə saxlayırsız?
– Mütəmadi olaraq. Biri media departamentində, digəri isə “Neftçi-2”də işləyir. Hər ikisi hansı klubda çalışdıqlarını çox yaxşı bilir. “Filankəsin oğluyam” deyə-deyə öz karyeralarını qurmurlar. Əgər onlar bu gün “Neftçi”də çalışırlarsa, deməli, klubun işinə böyük fayda verirlər.

Həmin kateqoriyadan