Arif Rəhimov: Əminik ki, gələn il Bakı treki daha həyəcanlı anlar bəxş edəcək

Dünyanın aparıcı KİV-nin sorğularında, bu il Bakıda keçirilmiş formula1 yarışı avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçilərinin əksəriyyəti tərəfindən mövsümün ən həyəcanlı və ən gözlənilməz anlar ilə dolu yarışı kimi qiymətləndirilib. Allsport.az saytı xəbər verir ki, ötüşmə zamanı Lüis Həmilton ilə Sebastyan Fettel arasında baş vermiş toqquşma avtoidman tarixində baş vermiş ən yaddaqalan hadisələrdən biri olub.

Bakı mükafat yarışında “Red Bull”un sürücüsü Daniel Rikkardo gözlənilməz şəkildə qələbə qazanıb. Onu ardıcıl olaraq “Mercedes” və “Uilyams” komandalarının üzvləri Valteri Bottas ilə Ləns Stroll izləyiblər. 3-cü yeri tutan idmançı f1 tarixində debüt ilində fəxri kürsüyə çıxan ən gənc pilot ünvanına məhz burada yiyələnmişdi.

Bundan başqa, formula 1-in təkər təchizatçısı “Pirelli” şirkətinin yayımladığı son hesabatında bildirilir ki, 2017-ci ildə bütün Qran Prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmənin olduğu yarış olub. Həmin ötmələrin birində D.Rikkardo 1-ci döngədə bir dəfəyə üç bolidi keçmişdi və bu, formula1 şirkəti tərəfindən minlərlə azarkeş arasında ilin ən yaxşı 10 ötməsi arasında ən çox bəyənilən ötmə olub. “Red Bull” pilotu da bu ötməni özünün yarış mövsümündə reallaşdırdığı ən yaxşı ötmə kimi qiymətləndirir.

Azərbaycan qran-prisi bir sıra beynəlxalq media qurumları tərəfindən yarış mövsümünün nəticələrinə dair keçirilən sorğuların əksəriyyətində ilin yarışı adına layiq görülüb. Bakı Şəhər Halqası əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov ötən mövsümün Bakı yarışına dair beynəlxalq medianın apardığı qiymətləndirmələrin nəticələrinə belə münasibət bildirib: “Biz çox şadıq ki, ötən yay Bakıda baş tutmuş Azərbaycan qran-prisi bütün dünyada avtoidman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Burada fürsətdən istifadə edərək BŞH-nin bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Məhz onların əməyi və əzmi nəticəsində biz 2017-ci ildə belə bir möhtəşəm yarışı reallaşdırdıq.

Bakıda baş tutan ikinci formula1 onu göstərdi ki, trek bizim uzun müddətdir həyata keçirməyə çalışdığımız ən baxımlı yarışa ev sahibliyi etməklə artıq öz xüsusiliyini ortaya qoya bilib. Son illər belə dramatik hadisələr və gərginliklə dolu başqa bir yarışı xatırlamaq mümkün deyil. Bundan başqa, ötən yarışda həm yerli, həm də beynəlxalq tamaşaçıların yarışa göstərdiyi maraqda böyük artım qeydə alındı və həmçinin 2017-ci ilin ən yaxşı yarışını reallaşdırmaqla yanaşı formula1 həvəskarlarına unudulmaz əyləncə proqramı təqdim etdik.

Biz əminik ki, gələn il trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına əvvəlkilərdən daha artıq həyəcanlı anlar bəxş edəcək. Yeri gəlmişkən bütün Formula 1 azarkeşlərini gələn ilin aprelində Bakı şəhərinə gəlib yarışı yerində canlı izləməyə dəvət edirəm. Deyəcək tək bir sözüm qalıb: Gözlənilməyəni gözləyin! Gələn il Bakıda görüşənədək”.

Qeyd edək ki, Bakıda növbəti formula 1 yarışı 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək.

 

Həmin kateqoriyadan