Arif Rəhimov: #AzerbaijanGP həştəqi sosial mediada ilk sırada olub

Ötən həftə Bakının mərkəzi küçələrində  baş tutan Azərbaycan qran-prisini yarışdan əvvəl və sonra sosial mediada əsas müzakirəyə çevrilib. Allsport.az saytı xəbər verir ki, onmilyonlarla “Tvitter” istifadəçisinin yarış həftəsonu ərzində və yarışdan sonra Bakıda keçirilmiş möhtəşəm yarışla bağlı etdiyi çox sayda paylaşım nəticəsində #AzerbaijanGP həştəqi “Tvitterdə günlərlə ən üst sıralarda yer alıb. Yarış başladıqdan etibarən ilk 3 saat ərzində #AzerbaijanGP həştəqi “Tvitterdə” ən çox paylaşılan həştəq olub.

formula1 Azərbaycan qran-prisi-2017-dən sonra mətbuata açıqlama verən BŞH-nin icraçı direktoru Arif Rəhimov Bakıda ikinci dəfə uğur şəkildə reallaşmış formula1 yarışını yüksək qiymətləndirib və növbəti il apreldə baş tutacaq üçüncü yarış üçün indidən hazırlıqlara başladığını bildirib:

“Möhtəşəm yarış həftəsonunun bir parçası olmaqdan çox böyük qürur duyuram. Ötən illə müqayisədə həm ölkə daxilindən, həm də xaricdən daha çox azarkeşin yarışı izləməyə gəlməsi onu göstərir ki, biz Azərbaycanda möhkəm və sarsılmaz formula1 mədəniyyətinin yaradılmasında böyük irəliləyiş əldə etmişik.

Biz inanırdıq ki, həm yarışı izləmək üçün Bakıya gələn azarkeşlər, həm də ekran arxasında əyləşərək evlərindən yarışa tamaşa edən hər bir avtoidman həvəskarı üçün möhtəşəm tədbir ərsəyə gətirəcəyik. Ancaq bununla belə, biz bu yarışın gözlədiyimizdən daha yüksək səviyyədə keçəcəyini əvvəlcədən proqnozlaşdıra bilməmişdik. Bakı Şəhər Halqası builki yarışla Formula 1 çempionatının ən maraqlı yarış məkanlarından birinə çevrildi. Mən əminəm ki, bu yarış Formula 1 azarkeşlərinin yaddaşında uzun müddət qalacaq. Bunun əlavə, Tarkan, Nikol Şerzinger, “The Black Eyed Peas” qrupu və Meraya Kerinin verdiyi möhtəşəm konsertlər yarış həftəsonunda azarkeşlərin böyük marağına səbəb oldu.

Mən böyük eşq və həvəslə ortaya qoyduğu heyrətamiz işə görə möhtəşəm kollektivimizə və tərəfdaşlarımıza və eləcə də şəhər, trek və yarışı böyük sevgi ilə qarşılayan bütün formula1 icmasına öz dərin minnətdarlığımı bildirirəm.

Əlbəttə ki, bu uğurlarımız bizi rahat olmağa sövq etməyəcək. Əksinə artıq biz gələn il aprelin sonlarında baş tutacaq növbəti Formula 1 yarışı üçün hazırlıqlara indidən başlamışıq. Əgər bu ilki yarış iştirak etməyə dəyərdisə, inanıram ki, gələn mövsüm baş tutacaq yarışı qaçırmaq istəməyəcəksiniz!”

Həmin kateqoriyadan