Arif Rəhimov: “Formula-1 üçün təklif etdiyimiz ən sərfəli qiymət təklifi qaçırılmamalıdır”

23-25 iyunda Bakıda keçiriləcək formula-1 Azərbaycan qran-prisi biletlərinin 30 %-dək endirimli qiymətlərlə satışına dair davam edən kampaniya bir həftə sonra, yanvarın 31-də başa çatacaq. Allsport.az saytı xəbər verir ki, ölkəmizdə bu yarışının promouteri olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti biletlərinin endirimli qiymətlərlə satışı ilə əlaqədar keçirilən kampaniyanın başa çatmasına bir həftənin qaldığını ictimaiyyətin diqqətinə çatdırır və yarış həvəskarlarını hazırda davam edən xüsusi endirim fürsətindən yararlanmağa çağırır.

Əməliyyat şirkəti 2 dekabr 2016-cı il tarixindən etibarən məhdud sayda 30%-dək endirimli dördgünlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlərin satışı tam qiymətlərlə aparılacaq.

Dördgünlük biletlər azarkeşlərə trekdə 3 gün müddətində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 22 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir.

BŞH-nin icraçı direktoru Arif Rəhimov formula 1 azarkeşlərini kampaniya qurtarmadan endirim fürsətindən yararlanmağa dəvət edir: “Hamını təklif etdiyimiz xüsusi kampaniya başa çatmadan endirim fürsətindən yararlanaraq, Azərbaycan qran-prisi üçün bilet almağa çağırıram. Əlbəttə bilet satışı bu kampaniyadan sonra da davam edəcək, lakin biz çox istəyirik ki, azarkeşlər bu ilin iyununda Bakıda növbəti dəfə keçiriləcək formula-1 yarışı üçün təklif etdiyimiz ən sərfəli qiymət təklifini qaçırmasınlar. Gəlin növbəti yay bizimlə birlikdə olun və Formula-1 ilə Bakının möhtəşəm gözəlliyinə birgə tamaşa edək!”

Azərbaycan qran-prisi üçün müxtəlif qiymətlərdə biletlər təklif olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildir. Dördgünlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli biletləri təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təqdim olunan böyük fürsətlərdən biridir. Bununla yanaşı yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalarda izləmək istəyənlərə Ayaqüstü Yerlər üçün birgünlük biletlər də təklif olunur.

Dördgünlük endirimli biletlərin qiyməti 150 – 550 AZN, Ayaqüstü Yerlər üçün bir günlük biletlərin qiyməti isə 60 – 150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq. Dünyanın ən böyük avtomobil yarışı zamanı bolidlərin paytaxt Bakının gözoxşayan mərkəzi küçələrində yüksək sürətlə hərəkətini canlı müşahidə etmək istəyənlərə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin müraciəti çox sadədir: Endirim fürsətini qaçırmayın və 2017-ci ilin yayında Bakıda bizimlə birlikdə olun! Azərbaycan qran-prisi üçün bilet almaq və Bakıya səfərinizi indidən planlaşdırmaq barədə ətraflı məlumatı rəsmi internet səhifəmizdən əldə edə bilərsiniz: https://www.bakucitycircuit.com/tickets2017/az/

Həmin kateqoriyadan