Arif Rəhimov: “İnanıram ki, onun Azərbaycandakı azarkeşləri səbrsizliklə bu anı gözləyirlər”

Aprelin 28-də Kristina Aqilera Formula1 Azərbaycan qran-prisi çərçivəsində “Büllur” sarayda konsert verəcək. Allsport.az saytı xəbər verir ki, Bakı Şəhər Halqası əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov məhur müğənninin paytaxtda tamaşaçılar qarşısına çıxması xəbərinə belə münasibət bildirib:

“Kristina Aqileranın şənbə günündə Bakıda konsert proqramı ilə çıxış edəcəyi xəbəri bizi çox sevindirdi. O həqiqətən də superstardır və musiqi tarixində ən çox dinlənən mahnılardan bir neçəsinin valehedici ifaçısıdır. Gərgin mübarizə ilə keçən sıralanma turundan sonra onun “Kristal” zalda avtoidman həvəskarlarının qarşısına çıxaraq ən məşhur ifalarını səsləndirməsi bizim üçün böyük bir ayrıcalıqdır və eyni zamanda çox həyəcanverici məqamdır.

İnanıram ki, onun Azərbaycandakı azarkeşləri səbrsizliklə bu anı gözləyirlər və mən fürsətdən istifadə edərək Kristinanın bütün sevənlərini ilin ən baxımlı və əyləncəli yarış həftəsonunu bizimlə birlikdə keçirməyə dəvət edirəm. Bu konsert proqramı yarış həftəsonları arasında ən mükəmməl şənbə günü ab-havası yaradacaq. Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 apreldə Bakıda bizimlə birlikdə olun!”

Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Həmçinin tamaşaçıların Bakı Şəhər Halqasından “Kristal” zala rahat gediş-gəlişi üçün xüsusi avtobuslar xidmət göstərəcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

Həmin kateqoriyadan