“Arsenal” tərəfdarlarına müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın!

Həqiqəti aşkarladıqdan sonra onu dərk etmək çox asandır. (Qalileo) 

*** 

Biz, bu müraciəti hazırlayan iki nəfərik, keçmiş “Arsenal” azarkeşləri. Birimiz qaçqın – 1988-ci ildə Ermənistandan qovulan etnik azərbaycanlı Sənan Nəcəfov, digərimiz isə Azərbaycanın işğal olunmuş Ağdam şəhərindən məcburi köçkün – xanım Leyla Əfəndiyevadır. Əslində, bu müraciəti “Arsenal”ın Azərbaycanın paytaxtı Bakıya səfəri öncəsi yazmağı planlaşdırırdıq. Yazmamaq səbəbi çox azdır. Əgər birincisi, “Arsenal”la səfər oyununa qədər siz dəyərli azarkeşlərdən məsələyə reaksiya veriləcəyini gözləmək idisə, digər səbəb siyasəti futbola, futbolu etnik münaqişəyə və müharibəyə bağlamağın yersiz görünəcəyindən ehtiyat etmək idi. İçimizdən gələn səs, bugünə kimi siz dəyərli fikirdaşlarımızdan bir reaksiya olacağını deyirdi. Məyusuq, olmadı. İkinci səs isə “bir halda ki, bir ölkənin imici, yaxın tarixi öz məsuliyyətini dərk etməyib, futbolu siyasətə qatan futbolçu tərəfindən korlanır, haqqında mənfi fikir formalaşdırılırsa, niyə yazmayasınız” deyə sual edirdi. Bu müraciəti qətiyyən kiməsə cavab, öz Vətənimizin tərifi deyil, sırf həqiqəti ortaya qoymaq üçün edirik. Hər şey özümüzü ifadə etmək üçündür. Gördüyünüz bu sətirlərdə bioqrafiyamızı yazmışıq. Əlimizi müqəddəs saydığımız kitablara qoyaraq, vicdanımızın səsi və içimizdən gələn dəhşətli ağrını ifadə edəcəyik. Doğrudan da bizim danışılası dəhşətli hekayəmiz var. Bunu mütləq hamı eşitməlidir. Siz eşitməlisiniz. Eşitmədikcə, biz danışmadıqca, hər şey əksimizə yönəlir. Biz Henrix  Mxitaryandan “Emirates” stadionunda qələbə gətirəcək ötürmə gözlədiyimiz halda, siyasi “pas”la qapımıza təyin olunan penaltini qaytarmaq zorundayıq, bizi doğru anlayın. Biz reklam, PR, dəyişən şəxsiyyətlər və mesajlı konsultantlar dünyasında yaşayırıq. Əksəriyyət həqiqəti gizlətməyə, hər şeyi ört-basdır etməyə, saxta imic yaratmağa can atır. Həqiqəti istəyən insan isə heç nəyi gizlətmir, əskinə, üstünü açır. Əsas məsələ onu aşkara çıxarmaqdır. 

*** 

Dünya şöhrətli Leonardo da Vinçinin “Son axşam yeməyi” adlı tablosunu çəkərkən, böyük çətinliklə üzləşdiyini bilirsiniz. “Yaxşını” İsanın, “pisi” isə onu satan Yahudanın simasında əks etdirməli olan Da Vinçi, işini yarımçıq saxlayaraq bu simalara uyğun model axtarışına çıxır. Təsadüfən bir kilsə xorunu dinləyən tanınmış rəssamın diqqətini xordakı gənclərdən birinin siması cəlb edir. O, həmin gəncin simasının İsa Məsihin təsvirinə çox uyğun gəldiyinin fərqində idi. Həmin gəncə, müəyyən qədər pul müqabilində onun üçün model olmağı təklif edir və gənc bunu sevərək qəbul edir. Və İsanın siması həkk olunan məşhur tablo Yahudanın simasını çıxmaq şərtilə demək olar ki, hazır idi. “Yahuda” isə tapılmırdı, daha doğrusu, İsanın siması həkk olunan andan 3 il keçməsinə baxmayaraq, axtarışlar nəticə vermirdi. Sifariş verən kilsənin kardinalı isə rəssamı tablonu təhvil verməyə tələsdirir və hətta son vaxtı qoymuşdu. Yenə bir gün sırf təsadüf nəticəsində Da Vinçi bir meyxana yaxınlığında, arxası üstə uzanmış sərxoş birini görür. Vaxtından tez qocalmış bir gəncin simasında o məşhur xəyanət cizgilərini tapan Da Vinçi, köməkçilərinə həmin gənci emalatxanaya aparmalarını xahiş edir. Sərxoşluqdan ayılan, harada olduğunu tam anlamayan tez qocalmış gəncin çaşqın baxışı, günah işlətmiş insan kimi çəkinməsi, inamsızlığı əsl “Yahuda siması” idi ki, Da Vinçi bu məqamı sənətkarlıqla tabloya köçürə bilir və dünya incəsənətinə nadir incilərdən birini bəxş edir. Həmin emalatxanada olan və yavaş-yavaş özünə gələn tez qocalmış gənc isə tabloya heyranlıqla baxır və bu tablonu haradansa xatırladığını deyir… Hələlik bu qədər. Bu pritçanı niyə xatırlatdığımızı yazının sonunda qeyd edəcəyik. Qayıdaq bu günlərə. Əziz azarkeşlər!Yəqin cari ilin oktyabr ayında Avroliqanın qrup mərhələsi çərçivəsində “Arsenal” klubunun Azərbaycan təmsilçisi “Qarabağ”la səfər oyunu öncəsi baş verənləri xatırlayırlar. London klubunun üzvü Henrix Mxitaryanın Bakıya səfərə gəlməkdən imtina etməsi və guya bunun şəxsi təhlükəsizliklə bağlamasını nəzərdə tuturuq. Bunun üçün yaxın keçən dövrə qısa nəzər salaq. Azərbaycan ikinci müstəqilliyini cəmi 27 ildir əldə edib. Birinci müstəqilliyinə (Şərqdə ilk demokratik respublika olaraq 1918-ci ildə elan edilib) Sovetlər Birliyinin hərbi işğalı ilə son qoyulub. Biz 71 il müstəmləkə, işğal altında yaşamışıq. 1991-ci ildə Sovetlər Birliyi dağılanda, biz müstəqilliyimizə digər müttəfiq respublikalar kimi rahat, qızıl məcməyidə nail olmamışıq. Bizim 1988-ci ildən başlayan azadlıq mübarizəmiz 1991-ci ildə nəticəsini verdi. Amma Sovetlər Birliyi çöksə də, onun xələfi olan yeni köhnə imperiya digər respublikalar kimi, Azərbaycanı da rahatlıqla sərbəst buraxmaq fikrində deyildi. Gürcüstan Abxaziya və Cənubi Osetiya, Moldova Dnsetryanı problemləri ilə üz-üzə qaldığı kimi, Azərbaycan da Dağlıq Qarabağ münaqişəsinə cəlb edildi. Hazırda “Arsenal” klubunda oynayan Henrix Mxitaryanın anadan olduğu Ermənistan Azərbaycanın ərazisi olan Dağlıq Qarabağa iddia irəli sürdü və rus hərbi birləşmələrinin köməyi ilə 1992-94-cü illərdə Azərbaycan ərazisinin 20%-ni təşkil edən Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal etdi, bizim 1 milyona yaxın soydaşımız öz torpaqlarından didərgin düşdülər. Qeyd edək ki, bu məqalənin müəlliflərindən biri, xanım Leyla Əfəndiyeva məhz “Qarabağ” futbol klubunun təmsil etdiyi Ağdam şəhərində anadan olub və bu şəhər 26 ildir ki, işğal və müharibənin dəhşətli təsiri ilə yer üzündən silinib. Xatırladaq ki, buvaxta qədər, daha dəqiqi, 1988-ci ildə Ermənistan ərazisində yaşayan 200 min azərbaycanlı öz torpaqlarından, yüz illər yaşadığı evlərindən qovulmuşdular. Bu sətirlərin müəlliflərindən digər biri həmin o qovulmanın qurbanıdır və 30 ildən çoxdur ki, anadan olduğu torpağa gedə bilmir. Kiçik bir haşiyə çıxaq. “Qarabağ” bizim üçün nədir? Rəssam Frida Kalo həyatının çox hissəsini rəsm çəkib. Uğurlu rəssam statusunu məhz balaca, avtobioqrafik rəsmlərinə görə qazanıb. Texniki cəhətdən zəif və çiy olsa da, rəsmləri heyrətamizdir. Çünki onlar bizə rəssamın hekayəsini danışır. Nikbinliyi, sərhədsiz həvəskarlığı həyatındakı heç bir faciəli hadisədən dəyişməyib. 6 yaşı olarkən iflic keçirib, həyatı boyu ayağı və ombası əyri qalıb. Sonradan dəhşətli qəzada sağ ayağı və beli möhkəm zədələnib. Ömrünün axırına  qədər ağrıya qarşı mübarizə aparıb. Xəstəlik vaxtı ilk dəfə özünü çəkib. Bu, həyatında rastlaşdığı hadisələrə qarşı hisslərini əks etdirən çoxsaylı seriyanın ilki idi. Kalo aldığı xəsarətlərdən sonra ana olmaq şansını itirmişdi. Bütün bu hadisələr onun rəsmlərində əks olunub. Bu kədərini rəsmlərində təsvir edirdi. Baxın, Qarabağ (ərazi olaraq) bizim ağrımızdısa, “Qarabağ” futbol klubu isə bu ağrıları çəkən rəssamdır. Həmin o Kalo kimi. Bunu anlayırsınızmı? Biz öz torpağımıza 26 ildir gedə bilmirik. Bunu təsəvvür edə bilirsinizmi? “Qarabağ” Avropa Liqasının yeganə qaçqın komandasıdır. 

***

 Hazırda durum necədir? Biz, 25 ildir ki, işğal olunmuş torpaqların sülh yolu ilə geri qaytarılmasını təklif edir, israrla tələb edirik. İşğal olunmuş ərazilərdə yaradılan separatçı rejim, hərbi xunta sahibsiz ərazilərdə özlərini dünyaya tanıtmaqla məşğuldurlar, tarixi dəyişir, abidələri uçurdur, yeniləşdirir, keçmişi silirlər. Ən böyük problem isə əcnəbiləri bu yerlərə dəvət edib, qondarma quruma legitimlik, tanıtma obrazı yaradırlar. Bu isə beynəlxalq hüquq norma və prinsiplərinə ziddir, çünki ərazi Azərbaycanındır, BMT və digər ali beynəlxalq qurumlar tərəfindən belə tanınıb. Azərbaycan tərəfi isə həmin ərazilərə gedən əcnəbiləri “persona non-qrata” elan edərək, XİN-in “qara siyahısına salır. Məsələ bundadır ki, bu post-Sovet məkanında ilk qabaqlayıcı tədbir deyil. Belə ki, Gürcüstan (Cənubi Osetiya və Abxaziya), Ukrayna, Moldovanın da ərazi bütövlüyü pozulub. Problem bəllidir. Həm Gürcüstan, həm Ukrayna işğal edilmiş ərazilərinə qanunsuz (icazəsiz) səfər edən şəxslərlə bağlı qanun qəbul ediblər. Bu qaydanı pozanlara qarşı ya cinayət işi qaldırılır, ya “persona-non qrata” elan edilir, ya da maliyyə sanksiyaları tətbiq edilir. Azərbaycan da eyni hüquqdan istifadə edir. Bu qədər sadə. İşğal olunmuş ərazilərə səfərlər edib, sonradan Azərbaycana buraxılmayan şəxslər, hətta Avroparlamentin deputatları da var. Bu hərəkətinə görə peşmanlıq hissi keçirən, səhv etdiyini anlayıb bəyanat verən onlarla tanınmış şəxsin adını sadalaya bilərik. Nəhayət gəldik, məsələnin özünə. “Arsenal” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryan 2009-cu ildən Dağlıq Qarabağa qanunsuz səfərlər edib. Müharibədə iştirak edən veteranlara yardım üçün Xankəndinə baş çəkən futbolçu, onlara müxtəlif məişət texnikaları hədiyyə verib. Səfərlərin birində işğal altında olan bölgədəki separatçı rejimin başçısı Bako Saakyan regionda idmanın inkişafı və müxtəlif xeyriyyə layihələrinin həyata keçirilməsinə görə, Mxitaryana “Ayrenyats Paştpan” (“Xalq müdafiəçisi”) ordeni verib. Bu belə. Bir faktı da qeyd edək ki, 2015-ci il oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Borussiya” (Dortmund) komandasının heyətində çıxış edən indiki “topçu” Azərbaycanın digər klubu “Qəbələ” ilə oyunda da Bakıya gəlməmişdi. Səbəb bəllidir yəqin ki. Azərbaycan, işğal olunmuş ərazilərinə qanunsuz gedib-gələn əcnəbini “qara siyahıya” salır. 

***

 Sizin yerliniz Rod Cadkins başna gələn bir hadisəni yazır: “Royal Albert Hall”da minlərlə musiqi pərəstişkarının arasında oturmuşdum. Bəziləri yüzlərlə mil qət edərək bura gəlmişdilər. Tarixi məkan çox qəribə ab-hava yaratmışdı. Virtuoz  pianoçu səhnəyə çıxıb, pianinonun qapağını qaldırdı. Düz 4 dəqiqə 33 saniyə sakitcə oturdu. Bu müddət bizim üçün artıq çox idi. Sonra pianinonun qapağını bağladı və səhnəni tərk elədi. Həyəcanla heç nə dinləməmişdik. Zaldakı insanlar və pianinoçunun arasındakı orkestr sakit oturmuşdu. Skripkaçı aləti aşağı saldı, qaboyçalan ayağını uzatdı. Məndən bir sıra qabaqda oturan kişinin qarnı quruldadı, vəssalam. Hər şey bitəndən sonra aparıcı dedi. – İndi isə əsl musiqini dinləyək! Və Brams Bethovenin əsərlərindən ibarət proqramı elan etdi. Biz Con Keycin “4`33“” əsərini dinləmişdik. Bu nə saxtakarlıq idi? Bax, bu sükutun içində Mxitaryanın açıqlaması konsert salonundakı sükutu pozan kişinin qarın qurultusundan başqa heç nə deyil. Bu, ictimai rəyi çaşdırmaq, həqiqəti təhrif etməkdir. Mxitaryan guya erməni olduğuna işarə vuraraq, təhlükəsizliyindən danışır, daha doğrusu, qarın qurultusuna oxşar səs çıxardır. Cənablar, yalandır. Hazırda Azərbaycanda 30 min erməni rahat yaşayır, idmançılara gəldikdə isə Ermənistan idmançıları daha əvvəl Azərbaycanın paytaxtında təşkil olunmuş böyük beynəlxalq turnirlərdə, Bakıda keçirilən I Avropa Oyunlarında  iştirak ediblər. Bir dəfə də olsun təhlükəsizliklə bağlı hər hansı ehtiyat və digər narahatlıq qeydə alınmayıb. Bəli, anlayırıq ki, hər bir komandanın öz azarkeş kütləsi, hər azarkeş kütləsinin öz fəlsəfəsi, yaşamı, prinsipləri var. Bəli, hər cür müqayisə isə qüsurludur. İndi bir məqamı xatırladacağıq. Sadəcə, oxşar situasiyalar olduğu üçün bunu deməyə özümüzə borc bilirik.İspaniyanın “Rayo Valekano” klubunun azarkeşlərinin Ukrayna yığma komandasının hücumçusu Roman Zozulanın komandaya keçidinə etirazını xatırlayırsınız? Etirazın səbəbi olduqca primitiv görünə bilərdi. Bu oyunçu sosial şəbəkələrdən birində Ukrayna millətçilərinin Hitlerlə əməkdaşlıq etmiş lideri Stepan Banderanın fotosu əks olunmuş şarfla şəkil çəkdirib yaymışdı. Bundan əlavə “Dnepr” klubunun təmsilçisi kimi Avroliqanın finalında iştirak edən Zozula gümüş medalını satışa çıxardaraq, əldə edilən vəsaiti Ukraynanın ərazi bütövlüyü, təkrar edirik, Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşən dəstələrə verəcəyini elan etmişdi. İspan klubunun fanatları isə bu fikirdə idilər: “Bu, ideologiya və baxışların məsələsi deyil, daha dərindədir. Ukraynalı futbolçu silah götürüb, faşist batalyonlarına maddi dəstək verib, faşist simvollarını nümayiş etdirib, “Rayo Valekano” tribunaları onu harada olmasından asılı olmayaraq, ya meydanda, ya kənarda, qəbul etməyəcək”. Bu, insanlıq nümunəsidir. Bu klubun azarkeşləri hər cür zorakılığa, müharibəyə, millətçiliyə qarşıdırlar. Digər misal isə tanınmış xorvat futbolçu Dario Srnanın təmsil etdiyi “Şaxtyor” klubunun azarkeşlərinə müraciəti haqdadır. Müraciətdə deyilirdi: “İl bizim üçün uğurlu oldu, çempion olduq, Superkuboku götürdük, Çempionlar Liqasının pley-offa çıxdıq. Amma bütün bu xoş xatirələrin üstündən müharibə qara xətt çəkdi. Bizim sevimli “Donbas Arena”  dağılıb, insanlar həlak olublar, qorxu hökm sürür. Mən istəyirəm ki, bu dəhşət bitsin və bir də heç vaxt təkrar olunmasın”. Bu, əsl insanlıq nümunəsi, əsl idmançı sevgisi və vətəndaşlıq mövqeyidir. Bəs görəsən, cənab Mxitaryan belə bir açıqlama ilə çıxış etsəydi, nə baş verərdi? Anlamaq lazımdır ki, bu cür separatçı dəstəklər, səfərlər separatçı rejimin əl-qolunu daha da açır, daha da silaha, hərbə-zorbaya meylli edir. Bütün bunların nəticəsidir ki, ötən il işğal olunmuş ərazilərdə formalaşmış quldur dəstələrinin atdığı mərmi 2 yaşlı Zəhra balamızı öldürdü. Bax, biz buna qarşıyıq. Uşaqlarımızı öldürməsinlər. Onun və onun kimi onlarla, yüzlərlə uşağın, eləcə də onların valideynlərinin heç bir günahı yoxdur… Bir kimsənin başqa birinə azarkeşliklə bağlı irad tutması mümkün deyil və azından, qeyri-etikdir. Bu, zövq məsələsidir, bunu da anlayırıq. Bəs insanlıq? O 2 yaşlı uşağın qətlinə görə özünü günahkar bilməməyi necə izah edək? 

***

 Yekunda söhbətimizin əvvəlində qeyd etdiyimiz pritçaya qayıdaq. Da Vinçi tablonu bitirəndən sonra sərxoşluqdan ayılan gənc ətrafa baxır və gözü tabloya sataşır və deyir: – Bu tablo mənə tanışdır. Da Vinçi bunu qeyri-mümkün sayır. Çünki şagirdlərindən və özündən başqa bu tablonu heç kimə göstərilməyib.Yahuda simalı gənc deyir: – Əlimdə-ovcumda olan hər şeyi itirmədən öncə, bu tablonu görmüşəm. Ovaxtlar bir xorda mahnı oxuyurdum və böyük arzularım var idi. Bir rəssam məni İsaya bənzədib modellik etmək üçün çağırmışdı… Beləliklə, yaxşı və pisin üzü eynidir, hər insanın yoluna nə vaxt çıxdığına bağlıdır.Bilirsiniz, həqiqətin öz gücü var və öz növbəsində elə o da güc verir. Adətən, kobud olur, xətrə dəyir, hətta incidir. Lakin sən həqiqəti insanları incitməmək üçün qurban verə bilməzsən. Doğrunu çatdırmaq üçün hər şeyi üzə çıxarmalı və ya gizli olanları aşkar etməlisən. Biz, qaçqın Sənan Nəcəfov, öz torpağından məcburi qovulmuş Leyla Əfəndiyeva xoş üzlü “Arsenal” azarkeşlərinə müraciətimizi burada bitiririk. Əziz dostlar, biz Emmanuel Peti, Mark Overmars, Nikola Anelka, Patrik Vieyra, Denis Berkamp, Rober Pires, Silven Viltord, Edu, Anri dövrünün “Arsenal”ını sevmişik. Biz, siz azarkeşlərin Da Vinçinin çəkdiyi İsa simalı insanlardan Yahuda simalı azarkeşlərə çevrilməsini istəmirik. Ədalətli olaq, səsimizi çıxardaq, simamızı, İsa simalı xoş üzümüzü qoruyaq! Yenidən Da Vinçinin “İsa simalı” azarkeşləri ilə birgə, sevimli komandamıza azarkeşlik etmək ümidi ilə Sənan Nəcəfov, Leyla Əfəndiyeva

Qeyd: müraciət ingilis dilində də olacaq

Həmin kateqoriyadan