Asif Məmmədov: Bizim “Proqres”dən Avropa təcrübəmiz daha çoxdur

“Qəbələ”nin futbolçusu Asif Məmmədov komandanın hazırlığı və ilk yoxlama oyunu barədə fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Sloveniyada təlim-məşq toplanışının arxada qalan hissəsindən razılığını qeyd edib:

“Hazırlıq prosesi yaxşı keçir. Qəbələdə baş tutan ilk mərhələdə fiziki hazırlıq üzərində çalışmışdıq. Sloveniyada isə daha çox toplu məşqləri gerçəkləşdiririk. Vaxt azlığı və heyətdəki dəyişiklikləri nəzərə alsaq, üzərimizdə çox işləməliyik. İlk yoxlama oyununda “Kukesi” ilə qarşılaşdıq. Düzdür, hər şey tam istədiyimiz kimi alınmadı. Çünki biz daha yaxşı oynamalıyıq. Lakin Albaniya təmsilçisi ilə matç ilk görüşümüz olduğundan qarşılaşmanı müsbət dəyərləndirərdim”.

Yarımmüdafiəçi Avropa liqasının püşkatmasını dəyərləndirib, “Qəbələ”nin I təsnifat mərhələsinin “Proqres”lə dueldəki şanslarından da danışıb: “Əslində, mümkün 5 rəqib arasında ciddi fərq yox idi. Çünki bu yarışda zəif rəqib olmur. Həm “Qəbələ”, həm də “Proqres” yay fasiləsindən sonra ilk rəsmi matçına çıxacaq. Buna görə də rəqiblərin ikisinə də çətin olacaq. Hazırda şanslar 50-nin 50-yədir. Lakin bizim Avropa təcrübəmiz daha çoxdur. Çalışacağıq ki, Lüksemburq təmsilçisini mübarizədən kənarlaşdıraq”.

Həmin kateqoriyadan