Atletika federasiyasında konfrans keçirildi

Azərbaycan atletika federasiyasının təşkilatçılığı ilə “atletika üzrə məşqçilərin I konfransı” keçirilib.

Allsport.az xəbər verir ki, iki gün davam edən tədbirdə paytaxt və respublikanın müxtəlif bölgələrindən olan 49 məşqçi iştirak edib. Konfransın açılış mərasimində çıxış edən AAF-ın vitse-prezidenti Müşfiq Tükanlı ölkəmizdə atletikanın inkişafı istiqamətində aparılan işlərdən danışaraq bu cür tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Gənclər və idman nazirliyinin sektor müdiri Sevda Mirzəyeva dövlət qurumu tərəfindən atletikaya dəstəyin həyata keçirilməsi yolları barədə məlumat verib. AAF-ın 2023-2024-cü illər üçün beynəlxalq fəaliyyəti barədə isə qurumun beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmovun çıxışı dinlənilib. Tədbirin ilk günündə məşqçilərin attestasiyası və milli komandanın məşqçiləri ilə regionlarda çalışan məşqçilərin görüşü baş tutub. Konfransın növbəti günü milli komandamızın baş məşqçisi Hakim İbrahimov və növlər üzrə böyük məşqçilər hesabat xarakterli çıxışlar ediblər. Konfransda atletika üzrə tanınmış ekspert, Rusiya federasiyasının ali təhsil işçisi Oktay Mirzəyev də öz zəngin təcrübəsini iştirakçılarla bölüşüb.

Həmin kateqoriyadan