Bakıda 50.000 ağac əkəcək

Avropa futbolunu idarə edən təşkilat turnirin keçiriləcəyi 12 ev sahibi ölkədə 600.000 ağac əkəcək, həmçinin azarkeşlər və UEFA-nın işçi heyətinin oyunlara səfərləri zamanı karbon emissiyasının azaldılması üçün bərpa olunan enerji layihələrinə sərmayələr yatıracaq. Allsport.az saytı xəbər verir ki, bu gün UEFA-nın prezidenti Aleksandr Çeferin Sloveniya paytaxtı Lyublyanada Avro-2020-nin iqlim dəyişikliyinə təsirini minimallaşdırmaq məqsədilə böyük bir kampaniyanın başlanacağını elan etdi.

Qitə çempionatının 60 illik yubileyini qeyd etmək və yarışdan sonra faydalı miras qoymaq məqsədilə Avro-2020-yə ev sahibliyi edəcək 12 ölkənin hər birində 50.000 ağac əkəcək.Bundan savayı, Cənub Qütbü ilə əməkdaşlıq çərçivəsində UEFA azarkeşlər və qurumun işçi heyətinin turnir zamanı keçiriləcək oyunlara səfərləri zamanı yaranacaq təxminən 405.000 ton karbon qazını kənarlaşdırmaq üçün ən effektiv bərpa olunan enerji layihələrinə sərmayələr yatıracaq.

Planı elan edərkən, Aleksandr Çeferin bunları deyib: “UEFA Avro-2020 qitənin dörd bir yanında təşkil olunacaq Avropa futbolunun təntənəsidir. Bu turnirin fəlsəfəsi daha az yeni stadion və nəqliyyat qovşaqlarının tikilməsi, habelə Avropada yaşayan müxtəlif icmalarla yaxından tanış olmaq imkanı kimi bir çox üstünlükləri əks etdirir.

Lakin bunun nəticəsində azarkeşlər öz sevimli komandalarının oyunlarını canlı izləmək üçün daha çox səyahət etməli olacaqlar. UEFA öz məsuliyyətini çox yaxşı dərk edir və bizim müəyyən fəsadlara gətirə biləcək karbon emissiyasının təsirlərini əvəz etməyimiz düzgün addımdır. Cənub Qütbü ilə əməkdaşlığımız, effektiv bərpa olunan enerji layihələrini yaratmağa köməklik göstərərək, dünyada iz buraxan bir dəyər olacaq. Bundan əlavə, biz eyni zamanda Avropa Çempionatının 60 illik yubileyini qeyd etmək istəyirik ki, bunun ətraf mühitlə birləşdirilməsi məntiqi seçimdir. On iki ölkənin hər birində 50.000 ağac olmaqla, ümumilikdə 600.000 ağac əkiləcək və mən inanıram ki, bu, Avro-2020 oyunlarının keçiriləcəyi ölkələrin hamısına bu oyunlardan qalan təqdirəlayiq və faydalı bir miras olacaq”.

UEFA “İqlim fəaliyyəti üçün idman” təşəbbüsünü imzalamış təşkilatdır.

Həmin kateqoriyadan