- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti və “Kür” Olimpiya Təlim-Tədris Mərkəzinin baş direktoru Natiq Abbasov Beynəlxalq Prezident Kuboku və I Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək kayak və kanoe yarışlarına hazırlıqla bağlı jurnalistlərin suallarını cavablandırıb. Allsport.az AMAF-ın mətbuat xidmətinə istinadən həmin müsahibəni təqdim edir.
– Əvvəlcə Beynəlxaq “Prezident kuboku” reqatası barəsində fikirlərinizi bilmək istərdik…
– Bu reqata ənənəvi olaraq 2008-ci ildən təşkil olunur. Hər il olduğu kimi, bu dəfə də yerli idmançılarla yanaşı, xarici ölkələrdən də yarışda iştirak edənlər var. Bu il Rusiya və Ukrayna yığmaları müəyyən səbəbləri görə, “Prezident kuboku”nda iştirak edə bilmədilər. Turnirdə Azərbaycan, Türkiyə və Gürcüstanın 100-dən çox avarçəkəni iştirak edir. Ötən illərdən fərqli olaraq, bu reqata I Avropa Oyunlarına test xarakteri daşıyır. Oyunlar zamanı kayaqçı və kanoçilər məhz Mingəçevirdə mübarizə aparacaqlar. Bununla bağlı bazamıza yeni qayıqlar da gətirilib, mətbuat otağı və digər yardımçı qurğuların quraşdırılmasına başlanılıb.
– Bu reqata ötənilkilərdən nə ilə fərqlənir?
– Bayaq dediyim kimi, bu yarış Avropa Oyunlarına test xarakteri daşıyır. Bundan başqa, bu il ilk dəfə olaraq yarşda paralimpiyaçı Asif Qasımov iştirak etdi. O, turnirdə müsabiqədənkənar mübarizə apardı və yüksək nəticə göstərdi.
– I Avropa Oyunlarında kayak və kanoe növü üzrə yarışlar ilk dəfə olaraq Mingəçevirdə keçiriləcək. Mötəbər turnirə hazırlıq işləri necə gedir?
– Olimpiya kəndində binalar tikilib istifadəyə verilib. Hazırda idmançılar üçün otaqlarda mebellərin yerləşdirilməsi davam edir. Kayak və kanoe yarışlarında 350-ya yaxın idmançı iştirak edəcək. Olimpiya şəhərciyində 1500 idmançı və məşqçi yerləşdirmək imkanımız var. Yeri gəlmişkən, Avropa Oyunlarında könüllülər də iştirak edəcək. Onlar Gəncə və Mingəçevirin ali və orta ixtisas məktəblərindən dəvət olunublar. Hazırda 40 könüllü burada hazırlıq keçir. Yaxın vaxtlarda onların sayı artırılacaq. Bununla yanaşı, burada Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə hazırlıqlarımızı davam etdiririk. Bildiyiniz kimi, həmin komitədə yüksək səviyyəli beynəlxalq mütəxəssislər çalışırlar. O mütəxəssislər Pekin-2008 və London-2012 Olimpiya Oyunlarının təşkilində iştirak ediblər. Onlarla bütün təşkilati işlərdə məsləhətləşir, lazım olan tövsiyələri və tapşırıqları yerinə yetiririk.
– Avropa Oyunlarında kayak və kanoe yarışları paytaxtdan kənarda keçirilir. Bununla bağlı mötəbər turnirdə komandaları, qonaqları qarşılamaq və yerləşdirmək problem yaratmayacaq?
– “Kür” Olimpiya Mərkəzinin infrastrukturunda müəyyən dəyişiliklər olub. Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən yarışların yüksək səviyyədə təşkili üçün əlavə vəsaitlər ayrılıb. Bununla yanaşı, işlərin yüksək səviyyədə qurulması üçün buraya kənardan tanınmış mütəxəssislər də dəvət olunublar. Bütün sahələri əhatə edən yeniliklər olacaq. Təbii ki, bu işdə federasiya rəhbərliyi əlindən gələni edəcək ki, turnir yüksək səviyyədə keçirilsin. Sizi inandırıram ki, 2015-ci ildə ölkəmizdə təşkil ediləcək I Avropa Oyunları səviyyəsinə görə Pekin və London olimpiadalarından heç də geri qalmayacaq. Hazırda kompleks bütün lazımi avadanlıqlarla təchiz olunmaq üzrədir. Qonaqlara burada yüksək şərait yaradılacaq.