- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Darya Zevina üzgüçülük üzrə Ukrayna yığmasında ən adlı-sanlı idmançılardan biridir. Allsport.az xəbər verir ki, 20 yaşlı bu üzgüçü arxası üstə üzmək üzrə altı dəfə Avropa çempionu və dünya çempionudur. Onu Ukraynanın digər tanınmış üzgüçüsü Yana Kloçkova ilə müqayisə edəndə, xoşuna gəlmir. O deyir:
– Yana Kloçkova ilə şəxsən tanış deyilik, amma ona böyük hörmətim var. O yaxşı, istedadlı, sadəcə, nadir adamdır. Lakin mən Yana Kloçkova yox, Daşa Zevinayam. Mən ikinci Kloçkova olmaq istəmirəm, yaxşısı budur, birinci Zevina olum.
Yeri gəlmişkən, peşəkar idmanla yanaşı təhsilini davam etdirən Daşa Zevina hazırda Kiyev Milli Bədən Tərbiyəsi və İdman Universitetində oxuyur.
Valideynləri Daşanı ilk dəfə üzgüçülük hovuzuna gətirəndə onun cəmi 5 yaşı vardı. Qızcığaza əvvəlcə sağlamlıq xatirinə üzməyi öyrətdilər. İki ildən sonra isə atası Yuri Zevin Daşanın çox həvəslə və səylə məşq etdiyini görəndə bu məsələyə daha ciddi yanaşdı. Daşa Zevinanın ilk böyük uğuru 2009-cu ildə Praqada yeniyetmələr arasında keçirilən birincilikdə iki qızıl və bir gümüş medal qazanaraq 15 illik Avropa rekordunu təzələməsi olub.
Yuri Zevin xatırlayır:
– Mən və arvadım Daşanın idmanla peşəkar səviyyədə məşğul olmasını planlaşdırmırdıq. Əvvəlcə istəyirdik ki, qızımız sadəcə, özünü suyun üzündə saxlamağı öyrənsin. Sonra fikir verdim ki, Daşa suda özünü çox yaxşı hiss edir, ayaqlarını sərbəst saxlayır. Hələ 6 yaşında ikən o, müntəzəm məşq etməyə başladı. Həftədə iki-üç dəfə Valeriya Georgiyevna Zolotaryovskayanın qrupuna gedirdi. O, Ukraynada uşaqlarla məşğul olan ən yaxşı məşqçilərdən biridir. Bizə ilk dəfə bu təklifi edən də o olub. Valeriya Georgiyevna dedi ki, Daşa ilə ciddi məşğul olmaq lazımdır, yoxsa onun istedadı itib-batacaq.
Ailəmizdə belə bir maraqlı əhvalat olub. 90-cı illərin əvvəlində mən idman karyeramı başa çatdırıb bizneslə məşğul olmağa başladım. Məşqçi olmağa hazırlaşmırdım. Lakin Daşanın üzgüçülüyə meyl etməsini görəndə mən yenidən idman aləminə qayıtdım. Biznesi tərk edib “Yunost” üzgüçülük hovuzunun direktoru və eyni zamanda məşqçisi oldum. Beləliklə, Daşanın xatirinə mən və arvadım yenidən peşəkar üzgüçülüyə qayıtdıq.
Daryanın iştirak etdiyi bütün yarışlarda atası onu müşayiət edir. Qızı deyir ki, o, məşqçi kimi çox ciddi, amma ədalətli adamdır.
Daşa “Azərtac”a müsahibəsində deyib:
– Məşqçi ilə şərt bağlamışıq, üzgüçülük məni bezdirsə, bu barədə ona açıq deyəcəm və o, əsla tərəddüd etmədən mənə seçim etmək imkanı verəcək. Lakin hələlik bunu ağlıma da gətirmirəm. Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak etməyi çox istəyirəm. Lakin mənim ən böyük arzum olimpiya medalı qazanmaqdır.
Yuri Zevin söhbətə qarışır:
– Mən qızıma izah etmişəm ki, idman könüllü məşğuliyyətdir. Əgər nəyəsə nail olmaq istəyirsənsə, müəyyən tələbləri yerinə yetirməlisən. Bunu istəmirsənsə, gəl musiqi ilə, rəqslə məşğul olaq. Məşqlər, əlbəttə, zəruridir. Lakin müasir idmanda psixoloji əhval-ruhiyyə, dözümlülük də çox vacibdir. Ən başlıcası, qızım başa düşməlidir ki, o, özü kimi adamlarla yarışır. Onun rəqibləri də məğlub olanda göz yaşı tökür, fikir çəkirlər. Axı onlar robot yox, canlı insanlardır və onları üstələmək yolunu tapmaq tamamilə real məsələdir. Əlbəttə, bəzən Daşa ilə mübahisə edirik. Lakin xoşbəxtlikdən, bu cür fikir ayrılıqlarını və hiddətlənməyi hovuzda yoluna qoyuruq.
Darya mənim qızım olduğuna görə ona güzəşt etmirəm. Mənim qrupumdakı başqa idmançılarla müqayisədə ona qarşı daha ciddi oluram. Məşqlərdə və toplantılarda Daşa mənə Yuri Mixayloviç deyə müraciət edir. Bəzən onun üstünə qışqırmalı oluram. Məşqlərdə göz yaşı tökdüyü hallar çox olub. Nə etməli? İdman çox ağır zəhmət tələb edir. Bəzən insanın psixikası bu gərginliyə davam gətirmir. Lakin yüksək nəticə ilk növbədə zəhmət bahasına, sonra göz yaşı ilə əldə edilir. İdmançı ilə məşqçi arasında münasibətlərdə səmimilik hər şeydən üstündür. Fəxr edirəm ki, Daşa ilə münasibətlərimiz qarşılıqlı etimada əsaslanır.