AXC-nin 100-illik yubileyi münasibətilə mini futbol üzrə açıq Bakı birinciliyi keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-illik yubileyi münasibətilə Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentliyinin birgə təşəbbüsü ilə təşkil edilən mini futbol üzrə açıq paytaxt turnirinin final matçı oynanılıb və təntənəli bağlanış mərasimi keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Baş İdarənin rəisi Raqif Abbasov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İsgəndər Cavadov iştirak ediblər.

Dövlət agentliyinin və onun tabeliyindəki qurumlar arasında təşkil olunan yarışın keçirilməsində məqsəd futbolun təbliği, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, o cümlədən qurumlar arasında qarşılıqlı əlaqələrin yaradılması və asudə vaxtın səmərəli təşkilidir.

Mini futbol üzrə Bakı şəhər açıq turnirinin finalında “ASAN Kommunal” və “Qəbələ ASAN” komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Qəbələ ASAN” komandası qələbə qazanaraq turnirin qalibi olub. “ASAN Kommunal” ikinci, “Quba ASAN” komandası isə üçüncü yeri tutub.

Turnirin qalibləri, həmçinin “Ən yaxşı oyunçu”, “Ən məhsuldar oyunçu”, “Ən yaxşı qapıçı” nominasiyaları üzrə fərqlənənlər müvafiq dərəcəli diplomlar, medallar və kubokla təltif olunublar.

Həmin kateqoriyadan