Ayan Ağayeva: Çalışırıq ki, yerli KİV beynəlxalq aləmdə qabaqcıl peşəkar jurnalistlərə çevrilsinlər

Bakı Şəhər Halqası əməliyyat şirkəti 27-29 apreldə Bakıda keçiriləcək Formula1 üzrə Azərbaycan qran-prisinə qeydiyyatla bağlı yerli KİV nümayəndələri üçün seminar təşkil etdi. Allsport.az saytı xəbər verir ki, “Hilton” mehmanxanasında baş tutan tədbirdə iştirakçılara builki yarışa medianın akkreditasiyası qaydaları haqqında ətraflı məlumat verildi və qeydiyyat prosesi ilə bağlı digər zəruri məsələlər müzakirə olundu.

Həmçinin görüş zamanı builki çempionatda nəzərdə tutulan dəyişikliklərdən söhbət açıldı və Formula1-i davamlı işiqlandıran jurnalistlər üçün 13-14 dekabr 2017-ci il tarixlərində keçirilmiş “Sürətin nəbzini tut-2” adlı praktiki təlimin məzunlarına sertifikatlar təqdim olundu.

Seminarda gələn yarış üçün görülən hazırlıqlardan danışan BŞH-nin marketinq və kommunikasiya departamentinin media və yayım əməliyyatları şöbəsinin rəhbəri Ayan Ağayeva iştirakçılara akkreditasiya prosesində uğurlar arzuladı: “Dünyanın Formula 1-i işıqlandıran əksər aparıcı media qurumları tərəfindən ötən Azərbaycan qran-prisinin ilin ən yaxşı yarışı seçilməsi bizi çox sevindirdi və bu il də oxşar uğura yiyələnərək bunu ənənəyə çevirmək üçün var gücümüzlə çalışırıq.

Yarışı ən yüksək səviyyədə həyata keçirmək qədər onu bütün Formula1 həvəskarlarına ən gözəl şəkildə təqdim etmək də vacib rol oynayır. Bu məsələdə sizə böyük iş düşür və siz də indiyədək bunun öhdəsindən layiqincə gəlmisiniz. Ancaq biz inkişafı davamlı etmək istəyirik. Onun üçün çalışırıq ki, yerli media nümayəndələri ən qısa zamanda bizim üçün yeni olan bu idman sahəsində beynəlxalq aləmdə ən qabaqcıl peşəkar jurnalistlərə çevrilsinlər.

Keçirdiyimiz təlim və tədbirlərdə iştirakınıza görə hamınıza təşəkkür edir, növbəti yarış üçün davam edən akkreditasiya prosesində uğurlar arzulayırıq!”

Qeyd edək ki, yerli media nümayəndələrinin 2018 Formula1 Azərbaycan qran-prisinə akkreditasiyası üçün son müraciət tarixi 31 yanvardır.

Həmin kateqoriyadan