Azərbaycan marşallar klubunun üzvləri Bəhreyn avtomobil yarışının təşkilində

Azərbaycan marşallar klubunun 27 nəfərlik nümayəndə heyəti dözümlülük avtoyarışının təşkilində iştirak edib. Allsport.az saytı xəbər verir ki, dünya çempionatının (FIA WEC) 6 saat sürən sonuncu turu Yaxın Şərqdə avtomobil idmanının vətəni sayılan Bəhreynin beynəlxalq trasında keçirilib və “Porşe” klubunun qələbəsi ilə başa çatıb.

Bakı marşallar klubu nümayəndələrinin bu səfəri Azərbaycanda “Formula-1”in təşkili məqsədilə formalaşdırılmış müştərək strategiya çərçivəsində baş tutub. Məlum olduğu kimi, ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi “Formula-1” yarışı 2016-cı ilin iyununda Bakıda keçiriləcək.

Bəhreyndə avtomobil idmanına bilavasitə məsul şəxslər Bakı marşalları arasında vəzifələri bölüşdürüblər. Bu da idmançılar üçün ən yaxşı təlim-məşq imkanının yaradılması, onların təcrübə qazanması məqsədi daşıyır. Əldə edilmiş razılaşmaya əsasən, azərbaycanlılar beş gün ərzində turnirin və turnir çərçivəsində keçirilən yardımçı yarışların bütün bölmələrinin təşkilində iştirak ediblər. Beləliklə də bu cür beynəlxalq avtoyarışların təşkili yolları və detalları ilə tanışlıq imkanı qazanıblar.

Dözümlülük avtoyarışının rəhbəri, Bəhreyn Motoidman Federasiyasının direktoru Əbdüləziz əz-Zəvadi və digər məsul şəxslər Bakı marşallar klubu üzvlərinin təlim-məşq prosesini koordinasiyalı şəkildə təşkil ediblər.

“Bununla yanaşı, yarışın bütün meyarlara uyğun şəkildə uğurlu təşkili üçün Bakıda avtomobil idmanı yarışlarına məsul şəxslərlə birlikdə hələ çox çalışmaq lazımdır. Bu məqsədlə gələn ilin aprelində Azərbaycan nümayəndə heyəti Bəhreyndə Formula-1 yarışının təşkilində iştirak etmək üçün bu ölkəyə gələcək” – deyə Beynəlxalq Kartinq Komitəsinin sədri, Bəhreyn Motoidman Federasiyasının prezidenti Şeyx Abdullah bin İsa Al Xəlifə yerli agentliyə müsahibəsində bildirib.

Həmin kateqoriyadan