Azərbaycan millisi FİFA reytinqində bir pillə irəlilədi

FİFA dünyanın yığma komandalarının növbəti reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, iyun ayı üçün açıqlanan siyahıda Azərbaycan millisi 115-ci pillədə qərarlaşıb.

Cəmi bir pillə irəliləməyə nail olan komandamızın hesabında hazırda 264 reytinq xalı var.

Millimizin iyunun 7-də yoxlama oyununda qarşılaşacağı Serbiya 673 xalla 45-ci pillədə qərarlaşıb.

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki növbəti rəqibimiz Norveç isə 528 xalla 64-cüdür.

Yığmamızın seçmə mərhələdəki digər rəqiblərinə gəlincə, İtaliya 1085 xalla 13-cü, Xorvatiya 992 xalla 18-ci, Bolqarıstan 537 xalla 62-ci, Malta 154 xalla 145-cidir.

Keçmiş SSRİ ölkələri arasında Azərbaycan Rusiyadan (26-cı yer; 833 xal), Ukrayna (35; 784), Özbəkistan (74; 479), Latviya (82; 390), Ermənistan (84; 449), Estoniya (91; 358) və Litvadan (96; 341) geri qalır. Əvəzində komandamız Moldova (124; 219), Qazaxıstan (133; 195), Gürcüstan və Tacikistan (139-140; hər ikisi 173 xal), Türkmənistan (173; 99) və Qırğızıstanı (177; 89) qabaqlayır.

Türkiyə yığması 603 xalla 57-ci pillədədir.

İlk onluq isə belədir: Almaniya (1775), Belçika (1509), Argentina (1496), Kolumbiya (1435), Braziliya (1392), Hollandiya (1378), Portuqaliya (1229), Uruqvay (1183), Fransa (1164), İspaniya (1147).

Həmin kateqoriyadan