- Baxış sayı: 18
- 27 Noyabr 2024 14:26
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Azfar Group” tərəfindən Azərbaycan Mini-Futbol Assosiasiyası təsis edilib. Allsport.az saytı xəbər verir ki, ölkəmiz artıq dünyada idman ölkəsi kimi tanınır və bütün mötəbər beynəlxalq qurumları uğurlarımızı yüksək qiymətləndirirlər. Rəhbərlik idmana, o cümlədən, futbola olan qayğı nəticəsində, futbol ən kütləvi və çox sevilən idman növünə çevrilib. Məlum olduğu kimi, “Azfar Group” şirkəti hazırda Bakı və Sumqayıt şəhərlərində 30-dan artıq stadionla həvəskar futbolçulara xidmət göstərməkdədir. Şirkətin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilmiş “Azfar Business League-ABL Cup 2017/18” çempionatı, futbol ictimaiyyətinin və işgüzar dairələrin böyük marağına səbəb olub, eləcə də, mini-futbolun korporativ məkanda təbliğ edilməsinə şərait yaradıb.
Məhz bu tədbirlərin məntiqi davamı olaraq, ölkəmizdə həvəskar futbolçuları bir araya gətirmək və mini-futbol idman növünü peşəkar müstəviyə çıxarmaq məqsədilə belə bir Assosiasiyanın yaradılmasına qərar verilib. Müasir standartlara cavab verən mini-futbol meydançalarının və həvəskar futbolçularla qurulmuş sıx əməkdaşlığın mövcudluğu, öz növbəsində Azərbaycan Mini-Futbol Assosiasiyasının gələcək uğurlu fəaliyyəti üçün fundamental rol oynayacaq.
Assosiasiyanın əsas hədəfi ölkədə futbolun inkişaf səviyyəsinin yüksəldilməsi, əhalinin müxtəlif kateqoriyaları arasında mini-futbolun kütləviləşdirilməsi, sağlam həyat tərzinin təbliği, habelə peşəkar futbolçuların hazırlanmasına nail olmaqdır.
Assosiasiyanın qarşısında duran əsas məqsədlərdən biri də mini-futbol üzrə beynəlxalq qaydaların və standartların Azərbaycanda tətbiqini və ölkə mini-futbolunun beynəlxalq mini-futbol ailəsinə inteqrasiyasını həyata keçirməkdir. Təcrübə mübadiləsinin aparılması məqsədilə artıq Avropa və Dünya Mini-Futbol Federasiyaları ilə sıx əməkdaşlığa başlanılmış, Azərbaycanın sözügedən təşkilatlara üzv qəbul olunması məsələsi ətrafında aktiv müzakirələr aparılır. Nəticə etibarilə AMFA Azərbaycanda ilk dəfə olaraq həvəskarlar arasında mini-futbol üzrə milli yığmanı formalaşdıraraq, beynəlxalq yarışlarda millimizin iştirakını təmin edəcəkdir. Habelə AMFA bayrağı altında həvəskarlar arasında mini futbol liqası yaradılaraq, qaliblərin mini-futbol üzrə dünya və Avropa çempionatlarına getmək şansını yaradacaq.
Bunların hamısı gələcəkdə beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq mini-futbol arenasında təşviq olunması, eləcə də, yeni inkişaf mərhələsində həvəskarların daha çox mini-futbola cəlb olunması üçün şərait yaradacaqdır. Bir sözlə, assosiasiya ölkəmizdə sosial statusundan, peşəsindən və yaşından asılı olmayaraq bütün həvəskarları mini-futbol bayrağı altında birləşdirməklə, həvəskar futbolla peşəkar futbol arasında körpü rolunu oynayacaqdır.