Azərbaycan mükafat yarışının ilk günündə Jamiroquai qrupu konsert verəcək

Formula1 Azərbaycan qran-prisinin ilk gecəsində səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai musiqi qrupu çıxacaq. Allsport.az saytı xəbər verir ki, ötən illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunda dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertləri ilk dəfə olaraq “Büllur” sarayda keçiriləcək.

Caz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda yaradılan bu qrup qısa müddətdə məşhurlaşaraq dünyanın ən uğurlu musiqi qruplarından birinə çevrilib. 25 illik fəaliyyət müddəti ərzində 27 milyondan çox albom satan bu qrup “Grammy”, “Ivor Novello” və “MTV Moonmen” mükafatlarına layiq görülüb, Böyük Britaniyada 13 dəfə nominasiya əldə edib və biletləri tamamilə satılan beş dünya turunu reallaşdırıb.

Jamiroquai-nın ilk albomu “Emergency on Planet Earth” adlanır və qrup bu albomu ilə davamlı inkişafda olub və böyük uğurlar qazanıb. Daha sonra qrup milyonlarla satışa nail olmuş yeni albomlar çıxarıb və bu albomlarda digər musiqi növlərindən, o cümlədən pop, rok, disko və elektronika janrlarından da ifalar səsləndirib. Qrup məşhur treklərindən “Virtual Insanity” ilə “MTV”-nin keçirdiyi Video Musiqi Müsabiqəsinin və “Grammy” Mükafatının 4 dəfə qalibi olub və həmçinin klassik janrda səsləndirdiyi “Space Cowboy”, “Deeper Underground” və “Feels Just Like It Should” mahnıları ilə şöhrətini daha da artırıb. Bundan başqa Jamiroquai qrupu 1996-cı ildə çıxardığı “Travelling Without Moving” albomu fank musiqi janrı tarixində ən çox satılan albom ünvanı qazanaraq Ginnesin Rekordlar Kitabına daxil olub.

Dünya musiqisinin ən məşhurlarından olan “Chance the Rapper”, “Pharrell”, “Tyler the Creator”, “Jungle”, “Redman” və “The Internet” kimi tanınmış ulduzların böyük rəğbətini qazanan və həmçinin Stivi Vonder və Dayana Ross ilə birlikdə möhtəşəm ifalar nümayiş etdirən bu qrup dövrümüzdə hamının böyük hörmət göstərdiyi aparıcı musiqi innovatorlarından biri kimi qəbul olunmaqdadır.

2017-ci ildə Jamiroquai musiqi qrupu “Automaton” adlı yeni albomunu çıxardı. Sayca səkkizinci olan bu albomda insan, maşın və yer planeti arasında olan münasibətlər qeyri-adi üslubda ələ alınıb. Qrup “Automaton” albomu ilə özfəaliyyətinin ən yüksək pilləsində olduğunu göstərdi və hələ də qrupun dünya miqyasında böyük arenalarda keçirdiyi konsertlərin biletləri tamamilə satılmaqdadır.

Bakıya toplaşacaq bütün Formula1 azarkeşləri yüksək enerjili konsert gecəsini səbirsizliklə gözləyirlər və Jamiroquai qrupu yarış həftəsonunun ilk gecəsində nümayiş etdirəcəyi konsert proqramında Kristal Zala toplaşmış avtoidman həvəskarlarına möhtəşəm səhnə performansı ilə unudulmaz gecə yaşadacaq.

Həmin kateqoriyadan