- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakı Şəhər Halqası əməliyyat şirkəti gələn il Azərbaycan qran-prisi üçün biletləri bu gündən etibarən satış nöqtələrindən əldə etmək mümkün olacağını diqqətə çatdırıb. Allsport.az saytı xəbər verir ki, onlayn şəkildə bilet əldə etmək istəyənlər isə bu həftə ərzində artıq www.bakucitycircuit.com saytına müraciət edə bilərlər. Növbəti Formula1 26-28 apreldə keçiriləcək. Bundan əlavə, BŞH azarkeşlərə 4-günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20%-lik endirim təklif edir. 1 yanvar 2019-cu ilə qədər qüvvədə olacaq bu təklifdən sonra biletlərin satışı tam qiymət üzərindən davam etdiriləcək. BŞH azarkeşləri təklif qüvvədə olduğu müddətdə endirimdən tezliklə yararlanmağa çağırır.
Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir. 4-günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 25 aprel tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən üç il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər F1 komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırladıqlarının şahidi olmaq imkanını əldə ediblər.
Avtoidman həvəskarları arasında 2017-ci ilin gözlənilməz nəticə ilə sonlanan F1 yarışının yaratdığı həyəcan hisslərinin 2018-ci ildə də təkrarlanması kimi bir gözlənti yaranmışdı. Belə ki, əvvəllər yay aylarında keçirilən yarışın aprel ayının sonunda yeni şərtlər altında keçirilməsi də bu gözləntilərdə öz rolunu oynadı. Artıq ənənə halına çevrilmiş yüksək həyəcanlı başlanğıcdan sonra yarışın öz axarına düşməsi ilə Sebastian Fettelin qələbəyə doğru sürətlə irəlilədiyi bir məqamda, yarışın tamamlanmasına 11 dövrə qalmış Red Bull pilotları Daniel Rikkardo və Maks Ferstappen toqquşaraq yarışdan kənarlaşmağa məcbur oldular.
Bununla bitməyən həyəcan dalğası Haas komandasının pilotu Roman Qrojanın təhlükəsizlik avtomobili trekdə olarkən divara çırpılması ilə pik həddə çatdı. Ara sakitəşdikdən sonra Fettelin yenidən önə keçmək cəhdi uğursuzluqla nəticələndi və onun dördüncü pilləyə düşməsi ilə Valtteri Bottas yarışa liderlik etməyə başladı. Bütün bunlara baxmayaraq, Bakı küçələri yarışı izləyənləri heyrətə gətirməyə davam edirdi. Belə ki, Bottas trekde qalmış metal qırıntısının avtomobilinin təkərini zədələməsi nəticəsində qələbəyə çata bilmədi. Sonda isə Mercedes komandasının pilotu Luis Hamilton Ferrari komandasının sürücüsü Kimi Raykkonen ilə Force India komandasının pilotu Serxio Perezi qabaqlayaraq qələbə qazanmış oldu. Beləliklə, 2018 Formula 1 Azərbaycan Qran Prisi də gözləntiləri tam qarşılaya bildi.
BŞH 4 günlük biletlər üçün təklif edilən endirim kampaniyasından əlavə 2 ilə 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim edir. Nəzərinizə çatdıraq ki, bu kampaniya yalnız 4 günlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan 4 günlük biletlər ancaq böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarış məkanına daxil olarkən etibarlı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb oluna bilər.
Yarışı ayaqüstü zonalardan izləmək istəyənlər bu zonalara olan bir günlük biletləri əldə edə bilərlər. İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 190-660 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 AZN təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 AZN aralığındadır.
Formula1 Azərbaycan qran-prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com. Daha ətraflı məlumat əldə etmək istəyən media nümayəndələri media@bakugp.az elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.