Azərbaycan qran-prisinin keçiriləcəyi mümkün tarix açıqlandı

Bakı şəhər halqası əməliyyat şirkəti COVID-19 pandemiyası
səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan Formula1 Azərbaycan qran-prisi ilə bağlı son vəziyyətə aydınlıq gətirib. Allsport.az xəbər verir ki, builki çempionatın ilkin yarış cədvəlində 5-7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan Formula1 Azərbaycan qran-prisinin təxirə salınması barədə qərar Azərbaycan hökuməti, Formula1 rəhbərliyi və Beynəlxalq avtomobil federasiyası tərəfindən uzun müddət aparılan üçtərəfli danışıqlardan sonra qəbul edilib.

Hazırda Formula1 dünya çempionatının bütün iştirakçıları mövcud vəziyyəti izləməkdə davam edir. Əməliyyat şirkəti bütün işçi, azarkeş və komandalarla yanaşı, Azərbaycan xalqının sağlamlığı və rifahına təhlükə yaradacaq addım atmaqdan çəkinir və bəyan edir ki, vəziyyət stabilləşməyənədək və həmçinin karantin tədbirləri tam aradan
qaldırılmayanadək Formula1-in Bakı yarışı üçün dəqiq tarixin edilməsi mümkün olmayacaq.

Azərbaycan qran-prisinin promouteri yarışı izləyicisiz keçirməyi məqsədəuyğun hesab etmir və ümid edir ki, bu il iyunun sonundan etibarən Bakıda Formula1 komandalarını və tamaşaçıları qəbul edə biləcək təhlükəsiz şərait tam bərpa olunacaq.

Regionun iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edən əməliyyat şirkəti ilə Formula1 rəhbərliyi Bakı yarışının oktyabrın ortalarınadək keçirilməsinin məqsədəuyğun olacağı barədə həmfikirdir.

Formula1-in Bakı yarışı paytaxtın mərkəzi küçələrində keçirilir və yarış
trekinin qurulması üçün azı 12 həftə tələb olunur. Bu baxımdan, builki Azərbaycan qran-prisinin yeni tarixi barədə yekun qərarın iyul ayının ilk həftəsindən gec olmayaraq qəbul edilməsi zəruridir.

Həmin kateqoriyadan