- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan qran-prisinə 55 gün qalmış könüllülər Dənizkənarı Milli Park ərazisində fləşmob keçiriblər. Allsport.az saytı xəbər verir ki, formula-1 könüllülərinin himni sədası altında baş tutan tədbirdə 30-u rəqqas olmaqla ümumilikdə 60 könüllü iştirak edib.
Bu fləşmobu digərlərindən fərqləndirən mühüm cəhət isə mahnının nəqarət hissəsinə qurulan rəqsdə işarət dilindən istifadə olunmasıdır. Bunu etməkdə məqsəd könüllü olmaqda heç bir məhdudiyyətin olmadığını vurğulayaraq, fiziki məhdudiyyətli gəncləri sosial həyatda aktiv olmağa və bu fəaliyyətdə birləşməyə səsləməkdir.
Fləşmobda iştirak edən könüllülər şəhər sakinlərini, eləcə də ölkəmizə təşrif buyuran xarici qonaqları Formula 1 Azərbaycan Qran Prisi haqqında ətraflı məlumatlandırıb və onları bu tədbirdə iştirak etməyə dəvət ediblər. Tədbir ictimaiyyətin böyük marağına səbəb olub.
Bundan əlavə, daima könüllülərlə birgə çalışaraq onların yarışa yüksək əhval-ruhiyyədə hazırlanmasına öz töhfəsini verən məşhur müğənni Miri Yusif könüllülərin qonağı olub. Onlarla öz uğur hekayəsini bölüşən ulduz elçi belə tədbirlərdə aktiv iştirakın mühüm olduğunu bildirib: “Heç vaxt təslim olmayın, həmişə irəli gedin. Mənim həyatımda çox uğursuzluqlar olub, amma mən hər zaman öz üzərimdə işləmişəm və uğur qazanmışam. Siz də həmişə hərəkət etməli, fəal olmalı və dayanmadan öz üzərinizdə işləyib uğur qazanmalısınız”.
Tədbirdə 100-ə yaxın könüllü iştirak edib. Sonda könüllülər Miri Yusifə onun həyat və yaradıcılığı ilə bağlı onları maraqlandıran suallar veriblər. Ulduz elçi sevilən mahnılarını könüllülərlə birlikdə canlı ifa edib və xatirə şəkli çəkdirib. Miri Yusiflə görüşdən çox məmnun qalan könüllülər yarışın uğurla keçməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.