- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
İdman bəşəriyyətə bəxş edilmiş ən vacib vasitələrdəndir və o, qədim dövrün insan cəmiyyəti ilə həmyaşıddır. Onun varlığı bu qoca dünyamızın mütəhərrikliyinə zəmanətdir. Cəmiyyətlərin, birliklərin yaranmasını, inkişafı və tənəzzülünü özündə əks etdirib nəsillərdən nəsillərə keçən idman qanunauyğunluqlarının məhsuludur. O, müxtəlif əlaqə formalarında inkişaf edərək, bugünümüzün aynasıdır, keçmişimizin yaddaşıdır, sabahımıza körpüdür.
Ölkəmizdə ən tanınmış idman növlərindən biri voleyboldur. Onun yaranması 1926-cı ilə təsadüf edir. Dəmiryolçular klubunda, sonra «Neftçi» cəmiyyətində ilk voleybol məşqləri keçirilib. O dövrdə bu idman növü paytaxt sakinləri arasında daha geniş yayılımışdı. «Rote Fane» (indikı Nizami parkı), Kommunalniklər bağının (Cəfər Cabbarlı) meydançalarında, Sabunçuda və Bayılda voleybol torları asıldıqdan sonra oğlan və qızlar bu oyuna həvəs göstərməyə başlayıblar. Durum yavaş-yavaş peşəkarlaşmağa doğru getdi və1927-ci ildə «Dinamo» və «Kommunalnik» cəmiyyətlərində voleybol bölmələri açıldı.
1928-ci ildə Moskvada SSRİ xalqlarının 1-ci spartakiadasından sonra A.Potaşkinin rəhbərliyi ilə voleybolun vahid oyun qaydaları işlənilib hazırlandı və təsdiq edildi. 1932-ci ildə Bakıda ilk dəfə olaraq təzə qaydalara əsasən şəhər birinciliyi keçirildi. Yarışlarda «Jeldor», «Qornyak», «Kommunalnik», «Dinamo», «Moryak», AzNİ komandaları iştirak ediblər. Adı ilk çəkilən klub yekunda 1-ci yeri tutub.
Bakı voleybolu 1932-ci ildən etibarən daha sürətlə inkişaf etməyə başladı. Şəhərin ilk birinciliyi məhz bu vaxt keçirildi. İlk qalib adını dəmiryolçuların kişilərdən və qadınlardan ibarət komandaları qazanıblar. O vaxtdan Bakı yığmasının üzvləri Azərbaycanda və hətta SSRİ-də kifayət qədər şöhrət tapıblar.
1934-cü ildə Tiflisdə Zaqafqaziya respublikaları birinciliyi keçirilib. Bakının qadınlardan və kişilərdən ibarət yığma komandaları bu yarışda qalib gələrək, Ümumittifaq oyunlarda vəsiqə qazanıb. Moskvada keçirilən bu yarışlarda qadınlardan ibarət yığma 2-ci, kişilərdən ibarət komanda isə 3-cü yeri tutub.
Sovet dövründə Azərbaycanda çox güclü məktəb yaranmışdı. Respublikada qadın voleybolu populyar sayılsa da, kişilərdə uğur daha əvvələ gedib çıxır. 1956-cı ildə Moskvada Məktəblilərin Ümumittifaq Spartakiadasında istedadlı məşqçi Şamil Şamxalovun rəhbərlik etdiyi yeniyetmə oğlan voleybol komandamız qızıl medal qazanıb. Heyətdə onun yetirmələri Yaşar Abbasov, Həsən Ələkbərov, Fuad Musayev (AFFA-nın ilk mərhum prezidenti – K.H.) və Zaur Nağıyev də vardı.
Bir il sonra Böyük Oktyabr inqilabının 40-illiyinə həsr olunmuş SSRİ kubokunda İosif Kiblitskinin rəhbərliyi ilə kişilərdən ibarət komandamız bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Heyətdə Anatoli Makaqonov, Yaşar Abbasov, Roman Eydelman, Gennadi Rudnov, Xəyyam Zülfüqarov, Oqtay Ağayev, Həsən Ələkbərov, Tofiq Kazımov, Feliks Məmmədov və Fazil Rzayev kimi təcrübəli idmançılar çıxış ediblər.
Adı ilk çəkilən voleybolçumuz 1956-cı ildə Parisdə keçirilən dünya çempionatında (Paris) və Oqtay Ağayev 1958-ci ildə Praqada təşkil olunan qitənin ən güclülərinin yarışında SSRİ yığmasının tərkibində bürünc medallara yiyələniblər.
1959-cu ildə kişilərdən ibarət Azərbaycan yığması SSRİ çempionatında 3-cü yerə çıxıb.
Qadın voleybolumuza gəldikdə, 1935-ci ildə qadınlardan ibarət Bakı klubu SSRİ çempionatında bürünc mükafata yiyələnməsi, sadəcə möcüzədir.
Şamil Şamxalov 35 yaşında ikən Azərbaycanın ustalardan ibarət qadın komandasına baş məşqçi təyin edilib. Onun rəhbərliyi ilə «Neftyanik» klubu 1961-ci ildə yüksək liqaya vəsiqə qazanıb; 1966-cı ildə 3-cü, bir il sonra Azərbaycan SSRİ komandası adı ilə 2-ci olub.
Təcrübəli mütəxəssis Kubada voleybolun inkişafına da öz tövhəsinə verib. Bu gün «Azadlıq adası»nın qadın millisinin dünya voleybolunda aparıcı söz deməsi, azərbaycanlı məşqçinin qoyduğu möhkəm təməl sayəsindədir.
Feliks Məmmədovun başçılıq etdiyi «Neftçi» klubu 1972-ci ildə yüksək dəstədə 3-cü yer tutub.
1960-70-ci illərdə Şamil Şamxalovun yetirməsi, İnna Rıskal ilə Vera Lantratova olimpiya oyunları, dünya və Avropa çempionatlarının qalibi olublar. Adı ilk çəkilən həmyerlimiz dünyanın 2-ci ən yaxşı qadın voleybolçusu adını daşıyır. O, 1963-cü ildə Rumıniyada təşkil olunan qitənin ən güclülərinin yarışında SSRİ yığmasının heyətində çempion olmaqla yanaşı, çempionatda ilk dəfə iştirak edən «Gənc oyunçuların ən güclüsü» üçün təsis edilmiş mükafata yiyələnib.
Üstəlik, İnna dövrünün parlaq çıxışına görə «Xəzər şimşəyi» ləqəbini alıb. Maraqlıdır ki, bu adı ona Tokio-1964-də jurnalistlər verib. O, həmin oyunlarda 19 yaşında Vətənə gümüş medalla qayıdıb. Bir il sonra həmyerlimiz Avropanın ən güclü voleybolçusu seçilib. Rıskala 1973-cü ildə Uruqvayda dünya kubokunu başı üzərinə qaldırmaq da nəsib olub. 2000-ci ildə İnna Rıskalın soyadı bu idman növünün vətəni sayılan Holyoke (ABŞ, Massaçusets ştatı) şəhərində yerləşən Voleybol şöhrəti zalında yazılıb. O, keçmiş SSRİ-dən bu şərəfə layiq görülən ilk voleybolçudur. 15 il SSRİ yığmasının heyətində çıxış edən həmyerlimizə idman nailiyyətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni ilə mükafatlandırılıb.
1987-ci ildə Faiq Qarayevin baş məşqçilik etdiyi BMKZ (keçmiş «Neftçi») SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb, 1989/90-cı mövsümdə bürünc mükafata yiyələnib. 1991-ci ildə SSRİ kubokuna yiyələnib, 1993-cü ildə CEV kuboklar kubokunda 2-ci yer tutub.
Bir il sonra qadın milli komandamız bu mütəxəssislə Braziliyada keçirilən dünya çempionatında 9-cu yerə çıxıb. Bu, həmin dövr üçün böyük nəticə idi.
Bu gün bir atalar məsəlində estetik zövqümüzə verilən qiymətə nəzər salsaq, onun minilliklər öncə insan cəmiyyətində hökm sürən ideallarla heyrətamiz bənzərliyini kəşf edərik. Bu, hətta cismimiz üçün əlçatmaz xəyallar dünyasının yeganə tacının, tarixin daş yaddaşının, bu günə körpüsünün və gələcəyə sədasının təməl daşıdır və bütün tərəqqipərvər kəşflərin önündə gəlir…
Kamran HACI
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”