Azərbaycanın yeni çempionu – “Babadağ”

Bayıl stadionunda keçirilmiş iki oyunla U-13 qızlar Liqasının cari mövsümünə yekun vurulub. Allsport.az xəbər verir ki, 3-cü yer uğrunda oyunda Bakının “Fidan” komandası ilə İmişlinin eyniadlı təmsilçisi qarşılaşıb. 3:2 hesabı ilə qələbə qazanan “Fidan” mövsümü mükafatçılar sırasında başa vurub.

“Təhsil” (Bakı) və “Babadağ” (İsmayıllı) komandaları arasında keçirilmiş final oyunu 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən “Babadağ” 2:1 (ümumi hesab: 4:3) hesabı ilə qələbə qazanaraq liqanın qalibi olub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin müdir müavini Vasif Məmmədov və Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov təqdim ediblər.

U-13 qızlar Liqasının bombardiri 23 qolla “Babadağ” komandasının oyunçusu Günel Əhmədli olub. Mövsümün ən yaxşı oyunçusu adına “Təhsil” (Bakı) komandasından Şəms Əbdülrəhimova layiq görülüb.

Həmin kateqoriyadan