- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu həftə də Milli Gimnastika Arenasının qonaqları var idi. Allsport.az xəbər verir ki, inandırıcı olmasa da, onlar çox uzaq yerdən – Yeni Zelandiyadan ölkəmizə təşrif buyurmuşdular. Bu artıq arenamızın dünyada məşhur olmasının parlaq nümunəsidir. Bədii gimnastikada öz bacarıqlarını inkişaf etdirmək niyyətində olanlara 18 saatlıq uçuş heç bir maneə yarada bilməz.
Bakıda bədii gimnastika üzrə təlim-məşq toplanışlarında iştirak etmək üçün gələn Marni Sterner və yetirmələri Kelli Makdonald, Lidiya Xinqstonda şəhərimizin gözəlliyi və arenada yaradılmış şərait xoş təəccüblər yaratdı. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verən Marni Sterner, Bakıya 2005-ci ildə etdiyi ilk səfəri, Yeni Zelandiyada bədii gimnastikanın inkişafı və digər maraqlı məqamlardan danışdı.
– Salam Marni! Səfərinizin məqsədi haqda danışa bilərsinizmi? Milli Gimnastika Arenasında təşkil olunan təlim-məşq toplanışları haqda necə xəbər tutdunuz?
– Əslində, bizim yerli yarışlarımız digər ölkələrə nisbətən gec başlayır. Çünki, milli çempionatımız oktyabrda, daha sonra dekabrda olur, yanvarda isə qızların yay tətilləri başlayır.Bilirəm ki, bu digər insanları çaşdıra bilər (gülür). Qızlar tətildən qayıdarkən, onlar ciddi məşq etməyə başladılar və gördüm ki, onlar daha çox işləmək istəyirlər. Beləcə “Universiada”ya qədər əlavə məşqlər təşkil etməyi qərarlaşdırdıq. Rəfiqəm Monika Quzman (Meksika yığma komandası) sizdəki şərait, burada hər şeyin yaxşı olması haqda danışmışdı və qərar verdik ki, gimnastlarımız üçün səfər təşkil edək. Bunun üçün, öncədən mən yarışların təqvimi haqda maraqlandım. Burdan sonra biz Serbiyaya hazırlaşırıq, buna görə də texnikanı yaxşılaşdırmağa çalışırıq. Burada onlar yaxşı xalçada, güclü gimnastlarla bərabər məşq edirlər.
– Yeni Zelandiyada bədii gimnastikada inkişaf necə gedir?
– Bizim 80-ci illərdə Dünya Çempionatlarında, Olimpiya Oyunlarında, 90-cı illərdə isə Dünya Çempionatında fərdi proqramda iştirak edən gimnastlarımız olub. 2005-ci ildə Bakıda təşkil olunan Dünya Çempionatına qədər, biz gimnastlarımızı beynəlxalq yarışlara göndərmirdik. 2005-ci ildən yenə Olimpiya Oyunlarında, Dünya Çempionatlarında iştirak etmirik. Buna baxmayaraq, biz bədii gimnastika üzrə yerli yarışlar təşkil edirik.
– Sizin yetirmələriniz qarşıda gələn hansı idman tədbirlərində iştirak etməyi planlaşdırırlar?
– Kelli Universiadada iştirak edəcəyinə ümid edir, buna görə o, öncə Serbiyada gələn həftə keçiriləcək yarışda çıxış etməlidi. Bundan sonra o, Sofiyada və Budapeştdə keçiriləcək Dünya Kuboku mərhələlərində və Türkiyədə təşkil olunacaq digər yarışda iştirak edə biləcəyinə ümid edir. İyun ayında isə o, Dünya Çempionatına düşməyə cəhd edəcək. Kelli – Yeni Zelandiyada bir nömrəli gimnastdır. Mən onu 11 ildir məşq elətdirirəm və uzun müddətdir. O, çox güclü gimnastdır, inadkar olmasına baxmayaraq, mənəvi olaraq güclü və bacarıqlıdır. Bir il öncə onun anası dünyasını dəyişdi və Kelli çox emosional olmuşdu, əhvalı hər an dəyişirdi. Mən onunla çox işlədim və biz daha yaxın olduq. Anasının yerini tutmasam da, ona ana kimiyəm. Mən onunla hər kəsdən çox vaxt keçirdirəm. Lidiyaya gəldikdə isə, o il yarım öncə başqa şəhərdən gəlib. Ötən il o, başqa səviyyədə idi. Lidiya Avsrtiyada keçiriləcək yerli çempionata hazırlaşır, onlarla mübarizə aparacaq, çünki bizə ən yaxın ölkə oradır. O, həmçinin Dünya Kubokunda çıxış etməyə ümid edir.
– Bakıdakı təlim-məşq toplanışları çərçivəsində yeni nələr öyrəndiniz?
– Texniki cəhətdən yeniliklər öyrəndim, bizim idmanda bu çox vacibdir. Sizin gimnastlarınızın 8 saat məşq etməsi məni çox təəccübləndirdi. Biz də üz ifadələri üzərində işləyirik. Əslində, mən də qızlarımı məcbur edirəm ki, mimikadan istifadə etsinlər. Onlar isə: “Mən bunu yalnız yarış zamanı edəcəm” – deyirlər və əlbətdə mən onlara hirslənirəm (gülür). Sizin məşqçiləriniz bizə texniki cəhətdən və digər şeylərdə kömək oldular.
– Arena haqda təəssuratlarınız necədir?
– O möhtəşəmdir! Sizin bəxtiniz gətirib! Bizim zalı da bir görsəydiniz…bir xalça və kiçik uşaqlar üçün bir neçə cığır var.
– Bildiyimiz qədər, bu sizin Bakıya ilk səfəriniz deyil. Sonuncu səfərinizdən şəhər çoxmu dəyişilib? Təəssuratlarınız necədir?
– Düşünürəm ki, şəhər çox dəyişilib. Mən ilk dəfə Bakıya 2005-ci ildə təşkil olunan Dünya Çempionatına gəlmişdim. Şəhəri gəzmək üçün, bir-iki günüm oldu. Şəhər, xüsusən də mərkəz çox müasir olub. Əvvəllər burda yalnız milli mətbəxi təcəssüm etdirən restoranlar var idi, indi isə suşi-barlar, çin restoranları və sair. Bura çox maraqlı şəhərdir.
– Yenidən gəlməyi planlaşdırırsınızmı?
– Ümid edirəm ki, gələcəyik. Əgər hər şey plan üzrə getsə, biz iyul ayının sonu, avqust ayının əvvəli bir daha gələcəyik.