Azad Rəhimov: Formula-1 Avropa qran-prisini 190 ölkədə 500 milyondan artıq tamaşaçı izləyəcək

“Gələn ay Bakıda keçiriləcək Formula-1 üzrə Avropa qran-prisinə hazırlıq işləri plana uyğun olaraq davam edir. Trekin asfaltlanması prosesi artıq başa çatıb. Görülən işlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Pit binasının tikintisi isə artıq yekunlaşıb. Hazırda orada texniki avadanlığın quraşdırılması prosesi gedir”. Allsport.az saytı xəbər verir ki, bu sözü gənclər və idman naziri Azad Rəhimov deyib.

Bildirib ki, azarkeşlər üçün 18 min oturacaq quraşdırılıb. Bundan əlavə, azarkeşlərə ayaqüstü biletlər də təklif olunur ki, onlar yarışı izləməklə yanaşı, konsert və əyləncə proqramlarında iştirak edə biləcəklər. Yarış sürətli şəhər treki adına malikdir. Belə ki, Qran-pri zamanı bolidlər saatda 340 kilometr sürətlə hərəkət edəcəklər. Bakı Şəhər Halqası paytaxtın gözəlliyini dünyaya çatdırmağa imkan verəcək. Yarış zamanı televiziya tamaşaçıları Bakının tarixi və müasir görkəminə şahid olacaqlar. Bilet satışı isə istədiyimiz kimi davam edir.

Dünya pilotlarının Bakı Şəhər Halqası haqqında yüksək fikirdə olduğunu bildirən nazir deyib: “Beynəlxalq Avtomobil Federasiyasının rəsmisi Çarli Vaytinq bir müddət əvvəl ölkəmizdə səfərdə oldu və görülən işləri yüksək qiymətləndirdi. O, pilotlar və azarkeşlər üçün heç bir təhlükənin olmadığını diqqətə çatdırdı. Əcnəbi vətəndaşlar üçün viza rejimi də sadələşdirilib. Belə ki, yarışa qeydiyyatdan keçmiş insanlarda akkreditasiya, turistlərdə isə alınan bilet viza rolunu oynayacaq. Yarışa 4 min könüllü cəlb olunub. Qran-priyə kifayət qədər böyük maraq var. Bu yarışı 190 ölkədə 500 milyondan artıq tamaşaçı izləyəcək”.

Həmin kateqoriyadan