Azad Rəhimov Bakı Şəhər Halqasının tədbirində gənc könüllülərə nə tövsiyyə edib?

Bakı Şəhər Halqası əməliyyat şirkəti 2 fevral – Gənclər günü münasibətilə Hokümət evinin qarşısında yerləşən Paddok binasında “Öz karyeranı qur!” mövzusunda forum təşkil edib. Allsport.az saytı xəbər verir ki, tədbirə gənclər və idman naziri Azad Rəhimov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, təhsil nazirinin müavini Firuddin Qurbanov, BP Azərbaycan şirkətinin İnsan Resursları üzrə vitse-prezidenti Leyla Novruzova və millət vəkili Fuad Muradov qatılıblar.

Qonaqlar Formula1 Azərbaycan qran-prisinin könüllülərinə öz gənclik illərinə dair həyat təcrübələrindən danışıb və karyera quruculuğu ilə əlaqədar zəruri tövsiyələr veriblər. Forumda çıxış edən Azad Rəhimov gəncləri dəyişən şərtlərə uyğun yeni bacarıqlara yiyələnməyə dəvət edib:

“Dəyişən şərtlər yeni peşələrin yaranmasını zəruri edir. Bu peşələr də öz növbəsində yeni qabiliyyətlər tələb edir. Məlumdur ki, təhsil bu dəyişikliklərə hər zaman tam uyğunlaşa bilmir. Əksər hallarda ən yaxşısı məhz həmin bacarıqları işdə öyrənməkdir.

Siz karyeranızda irəlilədikcə yeni hədəflərə çatmaq üçün dəfələrlə yeni qabiliyyətlər qazanmağa ehtiyac duyacaqsınız. Burada vacib olan əsas məqam heç vaxt hədəflərdən yayınmamaqdır. Bir sözlə, sağlam olun, özünüzə inanın, milli dəyərlərə sadiq qalın, həyatınızı dərindən dərk edin və peşəkar hədəflərinizi tezliklə reallaşdırmağa çalışın”.

 

Həmin kateqoriyadan