- Baxış sayı: 34
- 17 Dekabr 2024 14:20
- Baxış sayı: 61
- Dekabr 17, 2024
- 0
Gənclər və idman naziri, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) sədri Azad Rəhimov mayın 23-də Formula 1 Avropa Qran Prisində könüllü fəaliyyət göstərəcək fiziki məhdudiyyətli şəxslərlə görüşüb. Allsport.az saytı xəbər verir ki, Əməliyyat şirkətinin mərkəzi ofisində baş tutan görüşdə nazir Azad Rəhimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən olan bir qrup fiziki məhdudiyyətli şəxslə səmimi söhbət aparıb, onların əldə etdiyi böyük uğurları ilə yanaşı qarşılaşdığı çətinliklərlə də ətraflı şəkildə tanış olub.
Gənclər və idman naziri Azad Rəhimov fiziki məhdudiyyətli şəxslərin könüllü fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, əlilliyi olan şəxslər üçün təqdim olunan imkanlar daha da artırılacaq: “Bu il Bakıda Formula 1 Avropa Qran Prisi və Şahmat Olimpiyadası keçiriləcək. Gələn il də İslam Həmrəyliyi Oyunları baş tutacaq. Birinci Avropa Oyunlarında olduğu kimi bu idman yarışlarında da könüllülərin rolu çox böyükdür. Sizin zəhmətiniz bizim üçün çox vacibdir və sizi bu sıralarda görməkdən çox şadıq. Ölkədə keçirilən bütün iri miqyaslı idman yarışlarında yaxından iştirak etməlisiniz və bu tədbirlərin heç birində kənarda qalmamalısınız.
Biz digər tərəfdən ölkədə sizə daha geniş imkanların yaradılması istiqamətində xüsusi səy göstəririk. Bildiyiniz kimi, hal-hazırda ölkədə 41 olimpiya idman kompleksi fəaliyyətdədir və bu yerlərin hamısında fiziki məhdudiyyətli şəxslər üçün lazımi şərait yaradılıb. Biz çalışırıq ki, sizə göstərilən imkanlar daha da genişləndirilsin və əlilliyi olan istənilən şəxs Azərbaycanda heç bir məhdudiyyət hiss etməsin”.
Görüşdə iştirak edən fiziki məhdudiyyətli şəxslərdən ibarət heyətə İlham Məhərrəmov rəhbərlik edirdi. Əlillərin sosial həyatı, məşğuliyyəti, problemləri və profillərini işıqlandırmaq məqsədilə onlayn fəaliyyət göstərən Arabaçı TV-nin təsisçisi olan İlham Məhərrəmov öz çıxışında fiziki məhdudiyyətli şəxslərə göstərilən böyük dəstəyə görə nazir Azad Rəhimova təşəkkür etdi və bildirdi ki, son vaxtlar cəmiyyət arasında əlillərə yanaşmada böyük dəyişikliklər müşahidə olunur: “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasında birinci Avropa Oyunlarının təsiri çox böyükdür. Biz burada müxtəlif sahələrdə yüksək səviyyədə xidmət göstərdik və bununla da bu idman yarışı cəmiyyətin əlilliyi olan insanlara baxışında köklü dəyişikliyin başlanğıcı oldu. Belə ki, iştirakçılar arasında özünə inam hiss yarandı və evlərinə qapanmış əlillər üçün də bu fəaliyyət böyük stimul oldu.
Digər tərəfdən Azərbaycanda fiziki məhdudiyyətli şəxslərə göstərilən qayğı ilbəil artmaqdadır. Bu il Formula 1 Avropa Qran Prisində bizim üçün daha geniş imkanlar yaradılıb. Buna görə sizə öz dərin minnətdarlığımızı bildiririk və var gücümüzlə çalışacağıq ki, qarşıdan gələn bütün iri miqyaslı tədbirlərdə sıralarımız daha da genişlənsin”.
Qeyd edək ki, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən olan fiziki məhdudiyyətli şəxslərdən Avropa Qran Prisinin Könüllülük Proqramına 30 müraciət ərizəsi daxil olub. Reabilitasiya mərkəzində keçirilmiş müsahibə mərhələsindən sonra müraciətçilərdən 15-i Avropa Qran Prisində könüllü fəaliyyət göstərmək üçün seçilib, 2-i isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə işə götürülüb. Yarış zamanı fiziki məhdudiyyətli könüllülər əsasən qapalı məkanlarda, xüsusən də yarış və biletlə əlaqədar məlumat mərkəzlərində fəaliyyət göstərəcəklər.