Azad Rəhimov: Formula-1-in rəhbər dəyişikliyində bir faciə görmürəm

Ötən ay formula-1 idmanında gözlənilməz istefa baş verib. Yarışların icraçı direktoru Berni Ekklstoun vəzifəsindən ayrıldığını bildirib. 87 yaşlı iş adamı bu sahəyə 40 il rəhbərlik edirdi. İndi onu həmin kürsüdə Çeyz Keri əvəzləyir. Maraqlıdır, bu dəyişikliyin avtomobil idmanında yeni addım atan Azərbaycan üçün nə təsiri olacaq? Gənclər və idman naziri Azad Rəhimov allsport.az saytının bu sualına belə cavab verdi:

«İlin əvvəlində Berni Ekklstoun formula-1 şirkətlər qrupunda səhmlərini sataraq, özündə cəmi 5 faiz pay saxlayıb. Təbii, belədə o, tam idarəçiliyini itirməli idi. İndi orada söz sahibi “Liberty Media” korporasiyasıdır. Yeni gələn rəhbərin formula-1-də öz komandasını formalaşdırağı istisna deyil. Biz əvvəlki insanlarlar çox gözəl və dost münasibətdə qurmuşuq. Onların böyük əməyi sayəsində bizim ilk Bakı Avropa qran-pri yarışımız yüksək səviyyədə keçib. İnanıram ki, yeni komanda ilə də həmin ünsiyyəti, münasibəti yarada biləcəyik.

Çünki əsas məqsəd, qaydalar bəllidir. Bir azdan yeni mövsümün mübarizəsi başlayacaq. İnanmıram ki, bu dörd ay ərzində, qısa müddətdə kimsə qran-pri seriyalarının qaydalarını dəyişsin. Yeni tələblər və təkliflər olsa, sözsüz, biz ona baxacağıq, dəyərləndirəcəyik. Ortaya əngəllər çıxsa, müqaviləni yenidən gözdən keçirəcəyik. Bu anlaşmada öz əksini tapıb. Yəni, heç bir faciə yoxdur, heç bir problem görmürəm. Sadəcə, işimizi yeni insanlarla davam etdirəcəyik.

Bu il Azərbaycan qran-prisisinin daha maraqlı keçəcəyini düşünürəm. Ona görə ki, bütün pilotlar artıq trasla tanışdırlar, yolları bilirlər. Onların ötənilki Qran-pridən sonra söylədikləri fikirlər Bakıya daha çox diqqətin yönəlməsinə səbəb olub. Bu il Bakıya daha çox qonağın gələcəyini və yarışları izləyəcəyini gözləyirik».

Kamran HACI

“Sürətin nəbzini tut!” F1 jurnalistikası təlimi, multimedia layihəsi (sual-cavab) 

Həmin kateqoriyadan