Bakı-2015 avarçəkmə yarışlarında Litvanı yeddi ən yaxşı idmançı təmsil edəcək

“Bakıda keçiriləcək I Avropa Oyunları əlamətdar idman hadisəsidir. Иu, ciddi hazırlıq tələb edən möhtəşəm yarışlar olacaq”.

Allsport.az xəbər verir ki, Baydarka və kanoedə avarçəkmə üzrə Litva komandasının məşqçisi Romas Petrukanetsas bu sözləri “Azərtac”ın xüsusi müxbirinə müsahibəsində söyləyib.

Avropa Oyunlarında avarçəkmə üzrə yarışlarda Litvanı 7 ən yaxşı kanoeçi təmsil edəcək.

Məşqçi R.Petrukanetsas deyib: “Mənim fikrimcə, Avropa Oyunlarında iştirak etmək həm litvalı idmançılar, həm də avropalı idmançıların çoxu üçün əlamətdar hadisədir. Çünki bu yarışlar dünya idmanı tarixində ilk dəfə keçiriləcək”. Məşqçinin sözlərinə görə, litvalı kanoeçilər hesab edirlər ki, bu yarışlar Azərbaycan kimi gözəl ölkəni öz gözü ilə görmək üçün əla fürsətdir.

Romas Petrukanetsas bildirib ki, avarçəkmə üzrə Litva komandasının üzvü, 200 metr məsafəyə sprinter yarışlarında çıxış edən kanoeçi Yevgeni Şuklin 2012-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı, dəfələrlə dünya və Avropa birinciliklərinin çempionu və mükafatçısıdır.

Litva komandasında həmçinin, ikinəfərlik baydarkada 200 metr məsafəyə yarışlarda Aurimas Lankas və Edvinas Ramanauskas, birnəfərlik baydarkada 200 metr məsafəyə yarışlarda İqnas Navakasuskas, ikinəfərlik baydarkada 1000 metr məsafəyə yarışlarda Riçard Nekrionius və Andrey Oleynik, birnəfərlik baydarkada 500 metr məsafəyə yarışlarda Anele Salakalete çıxış edəcək.

Litvalı məşqçi R.Petrukanetsas söhbətinin sonunda bildirib ki, bu idmançılara böyük ümid bəsləyən Litva Bakıda keçiriləcək Avropa Oyunlarında qızıl medallar qazanmaq niyyətindədir.

Həmin kateqoriyadan