- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Avropa liqasının qrup mərhələsinin Monakoda keçiriləcək püşkatma mərasimindən öncə Bakı şəhərinin qitənin ikinci mötəbər futbol tədbirinə ev sahibliyi etməsi ilə bağlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, bunu deyib:
“Nüfuzuna görə 2-ci ən böyük klublararası futbol turnirinin – UEFA Avropa Liqasının final oyunu təşkilati baxımdan AFFA üçün ilk təcrübə deyil. 2012-ci ildə FİFA U-17 qızlar arasında dünya çempionatı, 2016-cı ildə isə UEFA U-17 Avropa çempionatı ölkəmizdə keçirilib. Amma söhbət bir mötəbər oyundan və çox nüfuzlu klub turnirinin final qarşılaşmasından gedirsə, təbii ki, Avropa liqasının final matçı həm AFFA, həm paytaxtımız, həm də Bakı Olimpiya stadionu üçün möhtəşəm bir ilkdir. Bu oyunun ev sahibi hüququnun əldə olunması, hazırlıq işlərinin görülməsi prosesində dövlətimizin, xüsusilə Respublika prezidenti cənab İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik. Cənab prezidentin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, 2019-cu il mayın 29-da keçiriləcək final oyununa hazırlıq davam edir. İnanırıq ki, Bakıda keçiriləcək final oyunu Avropa liqası turnirinin indiyə qədər keçirilmiş final qarşılaşmaları arasında ən yaxşılardan biri, bəlkə də birincisi olacaq.
Avropa liqası turnirinin bu gün keçiriləcək püşkatma mərasimi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki təmsilçimiz “Qarabağ” növbəti dəfə ölkəmizin futbol ictimaiyyətini sevindirərək qrup mərhələsinə vəsiqə qazanıb. Bu həm də o anlama gəlir ki, gələn ilin mayında Bakı olimpiya stadionunda keçiriləcək final oyununda “Qarabağ”ın da çıxış etmək şansı var. Bu, bizim böyük arzumuzdur. Ölkəmizin futbolsevərləri ilə birgə “Qarabağ”ı finalda görmək arzumuzun gerçəkləşməsi ümidilə Avropa liqasının bu mövsümünü daha fərqli həyəcanla izləyəcəyik. Düşünürəm ki, finalda hansı komandaların çıxış etməsindən asılı olmayaraq, azarkeşlər Bakıda əsl futbol bayramı yaşaya biləcəklər. Bakı şəhərinin gözəlliyini görmək, Bakı olimpiya stadionunun əzəmətini hiss etmək istəyən komandalar Avropa Liqasının 2019-cu ildə keçiriləcək final qarşılaşmasına vəsiqə qazanmaq üçün səylərini əsirgəməyəcəklər. Mübarizə, gözəllik və əzəmət görmək istəyən komandalar, söz sizindir”.
Qeyd edək ki, bu gün Monakoda həm də yeni mövsümün finalına özəl hazırlanmış loqonun təqdimatı keçirilib. Loqoda təsvir edilən Avropa liqasının kuboku Bakının lokal xüsusiyyətlərini əks etdirən ecazkar arxitektura nümunələri ilə əhatə olunub. Tərtibatda paytaxtımızın Azərbaycan Dövlət Akademik Filarmoniyası, Alov Qüllələri, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Hökumət Evi kimi məşhur tikililərinin təsvirindən istifadə olunub. Loqonun brendinqi Avropa qitəsini və təbii ki, Azərbaycanın paytaxtı Bakı şəhərini əhatə edəcək yarışın dinamik təbiətini və coğrafi xüsusiyyətlərini tərənnüm edir. Azərbaycan dünyada “Odlar Diyarı” kimi tanınır. Bundan yola çıxaraq, loqoda “A” hərfi alov dilimləri formasında oyularaq dizayn edilmişdir.
“Buta” naxışı isə milli geyimlərimizdə, xalçaçılıqda, eləcə də toxuculuq sənayesində sıx istifadə edilir. Bundan ilhamlanaraq, UEFA Avropa Liqası üçün gələcəkdə müxtəlif dizayn işlərində istifadə edilə biləcək xüsusi “Buta” naxışı hazırlanmışdır.
Qeyd edək ki, Bakı 2019 finalı üçün yeni mövsümün başlanğıcında təqdim edilən əsas dizayn elementlərindən də yararlanaraq hazırlanmış xüsusi loqo Bakı şəhərinin qədim və müasir xüsusiyyətlərini əks etdirir. Avropanın gələcək futbol turnirlərində və yarışlarında, eləcə də müxtəlif təqdimatlarda və reklam işlərində loqonun daha da təkmilləşdirilməsi qarşıya qoyulan məqsədlərdəndir.
Məlumat üçün bildirək ki, yeni loqonun brendiqi UEFA-nın marketinq tərəfdaşlığı, həmçinin TEAM Marketing AG və Turquoise brendinq agentliklərinin əməkdaşlığı ilə hazırlanıb.