Bakı kənd və qəsəbələri arasında minifutbol turnirinə start verilib

Allsport.az saytı xəbər verir ki, yarışlarda 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır. Martın 30-unda Bakı tennis akademiyasında açılışda əvvəlcə dövlət himnimiz səsləndirilib və torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca AFFA-nın baş katibi Sərxan Hacıyev, Bakı abadlıq xidmətinin rəsmisi Vüqar Müfitzadə, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək turnir iştirakçılarına uğurlar arzulayıblar. Yarış açıq elan edildikdən sonra futbolçuların maraqlı görüntülərindən ibarət videoçarx nümayiş olunub.

Daha sonra “Qarabağ” futbol komandasının futbolçuları Tural Bayramovun və Olavio Juninyonun uşaqlar üçün imza sessiyası təşkil edilib. Bədii hissə ilə davam edən açılış mərasimindən sonra start verilən ilk qarşılaşmada ötənilki turnirin qalibi olmuş Yeni Suraxanı və Əmircana 5:0 hesabı ilə qalib gəlib.

Turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır.

Yarışlara mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.

Həmin kateqoriyadan