Bakı Metropolitenindən “Qarabağ”ın müraciətinə cavab

“Qarabağ”ın Avropa liqasının qrup mərhələsində “Sportinq”lə qarşılaşacağı matçdan sonra azarkeşlərin evlərinə rahat getmələri üçün Bakı Metropoliteninə müraciət etdiyini xəbər vermişdik. Allsport.az saytı xəbər verir ki, Bakı Metropoliteni “Qarabağ”ın müraciəti ilə bağlı bəyanat yayıb:

“Noyabrın 29-da Avropa liqasının qrup yarışı çərçivəsində “Qarabağ” futbol klubunun Bakı olimpiya stadionunda Portuqaliyanın “Sportinq” klubu ilə keçirəcəyi oyunla əlaqədar olaraq, Bakı metropoliteninin “Koroğlu” stansiyasının iş rejmində bəzi dəyişikliklər ediləcək.

Bu arenada keçirilən tədbirlər üçün “Bakı Metropoliteni” QSC-nin mövcud əməliyyat planına uyğun olaraq, stansiya oyunun başlanmasına bir müddət qalmış gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə stansiyaya əlavə canlı qüvvə və texniki vasitələr ayrılacaq.

Matçın həmin gün saat 21:55-də başlanması nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC rəhbərliyinin qərarına əsasən, görüşü arenada izləyənlərin metropolitendən təhlükəsiz və rahat istifadə etməsi məqsədilə xüsusi tədbirlər həyata keçiriləcək.

Oyun gecə saat 12 radələrində başa çatacağından, “Koroğlu” stansiyasının iş rejimi, zərurət yaranacağı təqdirdə, bir saata qədər uzadıla bilər. Matç bitəndən sonra “Koroğlu” stansiyasına daxil olan sərnişinlər qatarların hərəkət etdiyi bütün istiqamətlərdə daşınaraq, mənzil başına çatdırılacaqlar. Bakı metropoliteninin iş rejimi səhər saat 6-dan gecə saat 12-yə qədərdir”.

“Qarabağ” – “Sportinq” matçı noyabrın 29-da Bakı olimpiya stadionunda saat 21:55-də başlayacaq.

Həmin kateqoriyadan