Bakı şəhər gənclər və idman idarəsi ilə Qərbi Azərbaycan icması arasında əməkdaşlıq

Allsport.az saytı xəbər verir ki, görüş zamanı gənclər siyasəti, idmanın inkişafı və Qərbi Azərbaycan irsinin gənclər arasında tanıdılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri Əziz Ələkbərli qonaqları salamlayaraq icmanın fəaliyyəti, qarşıya qoyulan əsas hədəflər və bu istiqamətdə görülən işlər barədə məlumat verib.

O bildirib ki, İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan icmasını ziyarəti zamanı Qərbi Azərbaycanla bağlı müəyyənləşdirilən vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi başlıca istiqamətlərdəndir. Onun sözünə görə, bu sahədə aparılan fəaliyyət tarixi həqiqətlərin təbliği və milli yaddaşın qorunmasına xidmət edir.

BŞGİBİ-nin rəisi Dənyar Teymurlu çıxışında deyib ki, gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşması və sağlam həyat tərzinə təşviqi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. O bu sahədə ictimai təşkilatlarla əməkdaşlığın genişləndirilməsi birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib.

Anlaşma sənədinə əsasən, tərəflər gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, Qərbi Azərbaycan tarixi irsinin təbliği, idman yarışları və turnirlərin təşkili, sağlam həyat tərzi ilə bağlı tədbirlərin keçirilməsi, həmçinin təhsil, liderlik və könüllülük proqramları üzrə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Sözləşmə çərçivəsində tərəflər birgə layihələrin icrası üçün əlaqələndirici şəxslər müəyyən edəcək, fəaliyyət planı hazırlayacaq və müxtəlif sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək göstərəcəklər.

Həmin kateqoriyadan