Bakı Şəhər Halqası əməliyyat şirkəti yerli jurnalistlər üçün təlim keçəcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 21-i və 23-də Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində yerli media nümayəndələri üçün “Formula 1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda ikigünlük təlim keçirəcək. Allsport.az saytı xəbər verir ki, məşğələnin ilk günündə iştirakçılar Formula 1 Dünya çempionatının keçirilmə qaydaları, yarışın idarəolunması və ona nəzarətedici heyətin, o cümlədən marşalların əsas vəzifələri və həmçinin yarışla əlaqədar digər zəruri məqamlar haqqında nəzəri biliklər əldə edəcəklər.

Təlimin ikinci günündə isə BŞH-nin tərkib hissəsində fəaliyyət göstərən Bakı Marşal Klubunun nümayəndələrinin iştirakı ilə Avropa Oyunları Parkında yerləşən təlim trekində Formula 1 Qran Pri yarışı simulyasiya olunacaq. Burada iştirak edən jurnalistlər yarışın idarəolunması və ona nəzarətlə əlaqədar praktiki biliklərə yiyələnəcək və yarış qaydalarının necə tətbiq olunduğunu əyani şəkildə müşahidə edə biləcəklər.

BŞH-nin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai media nümayəndələrini yerli jurnalistlər üçün keçiriləcək xüsusi təlimə dəvət edir: “Biz yerli jurnalistlərin Formula 1 yarışının dərinliklərinə yiyələnmələri üçün mütəmadi olaraq təlimlər keçiririk.

Şübhəsiz ki, dünya əhəmiyyətli F1 çempionatını səhih və oxunaqlı şəkildə təqdim etmək üçün jurnalist ilk növbədə trekdə nə baş verdiyinə yaxından bələd olmalıdır. Bu məqsədlə də biz yarışın əsas reqlamentlərinə işıq salmaq üçün bilavasitə Bakı Marşal Klubunu təlimçi qismində işə cəlb edirik.

Əhatə etdiyi mövzunun xüsusiyyəti baxımından bu dəfə keçirəcəyimiz təlim bu ilin yayında Bakıda baş tutacaq Azərbaycan Qran Prisindən əvvəl baş tutacaq sonuncu irimiqyaslı təlimdir və Formula 1 ilə tanış olmaq istəyən bütün jurnalistləri bu fürsətdən yararlanmağa çağırıram”.

Həmin kateqoriyadan