Bakı Şəhər Halqası Akademiyasının açılışı olub

Fevralın 2-də Bakı Şəhər Halqası əməliyyat şirkətinin mərkəzi qərargahinda könüllülük fəaliyyətinə dair yeni qurulan akademiyanın açılış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, 2017 formula-1 Azərbaycan qran-prisinin rəsmi elçisi, əməkdar artist Tünzalə Ağayeva və bu yarışın könüllülər proqramı üzrə rəsmi elçisi, müğənni Miri Yusif və bir sıra rəsmilər iştirak ediblər.

Mərasimdə açılış nitqi söyləyən BŞH-nın İnsan Resursları şöbəsinin və yeni təsis olunmuş akademiyanın rəhbəri İranə Əhmədova Bakı Şəhər Halqası Akademiyasının açılmasında əsas məqsədin Azərbaycanda keçirilən Formula 1 yarışlarının təşkilatçılığında iştirak edəcək könüllülərin hazırlığını daha peşəkar səviyyədə reallaşdırmaq olduğunu bildirib.

BŞH-nın rəsmisi İranə Əhmədova həmçinin qeyd edib ki, könüllülərin şəxsi inkişafı daim diqqət mərkəzində olacaq: “Akademiyada hədəflərin müəyyən edilməsi, kommunikasiya bacarıqlarının artırılması, konfliktlərin həll edilməsi, liderlik, vaxtın səmərəli idarəolunması, layihələrin idarəedilməsi və başqa maraqlı və zəruri mövzularda təlimlər keçiriləcək. Eyni zamanda akademiya çərçivəsində xarici dillər üzrə danışıq klubları və müasir kitabxana fəaliyyət göstərəcək. Hər bir könüllümüz onlar üçün yaradılan bu şəraitdən tam və təmənnasız faydalanmaq imkanına sahib olacaq”.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov könüllülərin hazırlığı prosesinə cəlb olunan kadrların hamısının yerli mütəxəssislər olduğunu bildirib: “Gənclər arasında könüllülüyə olan marağın durmadan artması bizdə sevinc və fərəh hissi oyadır. İstər İslam Həmrəyliyi Oyunları, istərsə də Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin hazırlığı prosesinə cəlb olunan mütəxəssislərin hamısı yerli kadrlardır ki, onların böyük qismi əvvəlki yarışlarda könüllü olaraq fəaliyyət göstəriblər. Bizim üçün böyük önəm kəsb edən əsas məqam ondan ibarətdir ki, iri miqyaslı idman tədbirlərinə cəlb olunan gənclərə yüksək təşkilatçılıq bacarıqları qazandırmaqla yanaşı eyni zamanda onların gələcək şəxsi inkişafı da yüksək səviyyədə öz əksini tapsın”.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov da çıxış edib və nazir bildirib ki, qarşıya qoyulan əsas məqsəd ölkənin gələcəyi üçün yüksək keyfiyyətlərə malik gənc nəsil hazırlamaqdır: “Bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir.”

Daha sonra çıxış edən 2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi elçisi Tünzalə Ağayeva könüllülərin ölkəmizi yüksək səviyyədə təmsil etdiyini bildirib: “Bir neçə ildir ki, ölkəmizdə keçirilən iri miqyaslı idman yarışlarında könüllülərimizlə bir arada oluram. Hər dəfəsində şahid olmuşam ki, könüllülərimiz ölkəmizi ən yüksək səviyyədə təmsil etmək üçün əllərindən gələni edirlər. Onlar bu fəaliyyətə əvəzolunmaz sevgi, böyük həvəs və xüsusən də möhtəşəm coşğu ilə yanaşırlar. Ümidvaram ki, biz belə yüksək əhval ruhiyyə ilə qısa müddət ərzində daha böyük uğurlara nail olacağıq”.

Qeyd edək ki, bu ilin 23-25 iyun tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisində 3 min könüllünün iştirakı nəzərdə tutulub. Könüllülər proqramına müraciətlərin qəbulu hazırda davam edir və bu proses fevralın sonunda başa çatacaq.

Həmin kateqoriyadan