Bakı Şəhər Halqası Bakutel sərgisində

2-5 dekabrda paytaxtda keçiriləcək Bakutel beynəlxalq Telekommunikasiya və İnformasiya konfrans-sərgisinin 200-ə yaxın iştirakçısı arasında Formula-1 Avropa qran-prisinin Azərbaycandakı promouteri – Bakı Şəhər Halqası Əməliyyat Şirkəti də həmçinin yer alıb.

Allsport.az saytı xəbər verir ki, ITECA “Caspian” şirkətinin təşkilatçılığı ilə hər il yerli təmsilçilərdən əlavə Rusiya, Amerika, Türkiyə və digər xarici ölkələrin aparıcı şirkətlərinin qatıldığı sərgidə Bakı Şəhər Halqası da 3 gün ərzində özünəməxsus şəkildə təmsil olunacaq. Belə ki, promouter şirkətin Formula-1 tərzində qurulmuş stendi ətrafında yarışın bilet satışı və ümumilikdə qran-pri ilə bağlı son yenilikləri əks etdirən məlumatlandırıcı vəsaitlər ziyarətçilərə təqdim olunacaq.

“Biz 3 gün ərzində hər bir sferada çalışan yerli və xarici motoidman azarkeş kütləsinə ünvanlanmağı hədəf seçmişik. Konfrans-sərgi zamanı telekommunikasiya sənayesinin təmsilçiləri, istehlakçılar və ümumiyyətlə konfrans-sərginin ziyarətçiləri arasında Avropa qran-prisini səbrsizliklə gözləyən qonaqlarla üzbəüz görüşmək və onları maraqlandıran bütün sualları əhatə etmək imkanımız olacaq.” – deyə şirkətin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai qeyd edib.

Həmin kateqoriyadan