Bakı Şəhər Halqası: “Birini alana, o biri yarı qiymətə”

“Birini alana, o biri yarı qiymətə” şüari ilə keçirilən tədbir çərçivəsində azarkeşlərə formula-1 Azərbaycan qran-prisinin biletləri yeni qiymətə təklif olunur və bu əlamətdar günlə əlaqədar olaraq avtomobil həvəskarlarını yeni hədiyyələr gözləyir. Allsport.az saytı xəbər verir ki, Bakı Şəhər Halqası əməliyyat şirkəti ilin ən romantik günü olan “Sevgililər Günü”nü yeni kampaniya ilə qeyd edir. Belə ki, bu yay Bakıda baş tutacaq 2017 formula-1 Azərbaycan qran-prisi üçün 4 günlük biletlərdən birini alan yarış həvəskarları ikinci bileti yarı qiymətə əldə edə biləcək.

Kampaniya fevralın 28-dək davam edəcək və bu tarixdən sonra biletlər tam qiymətlərlə satışda olacaq. Kampaniya sadəcə tribuna üçün olan 4 günlük biletlərə aiddir (əsas tribuna olan Abşeron tribunası xaric olmaqla) və “Azyaşlı” biletləri və ya birgünlük biletlərə tətbiq olunmayacaq. Bu biletləri əldə edənlər formula-1 Azərbaycan qran-prisi zamanı həftəsonunun hər üç günündə baş tutacaq yarışları izləməklə yanaşı trekdən kənarda keçiriləcək əyləncə tədbirlərində və eyni zamanda cümə axşamı günü, 22 iyun tarixində olacaq Pit Yolu Yürüşündə də iştirak edə biləcəklər. Qeyd edək ki, kampaniya çərçivəsində ikinci biletə təklif olunan 50 %-lik endirim alınan biletlərdən qiyməti ən az olana tətbiq olunacaq.

Bundan başqa, əməliyyat şirkəti kampaniya çərçivəsində 14 fevral tarixində onlayn bilet alanlar arasında lotereya çəkilişi edəcək. Çəkilişə əsasən “Sevgililər Günü” kampaniyası ilə əlaqədar olaraq bilet alan hər 14 nəfərdən biri seçiləcək və ilk beş alıcı (14, 28, 42, 56 və 70-ci alıcılar) hədiyyələrlə mükafatlandırılacaq. Hədiyyə paketinə iki nəfər üçün 4 ulduzlu hoteldə 4 gün gecələmək, alınan biletlərə əlavə olaraq pulsuz 1 bilet və Bakının möhtəşəm restoranlarından birində ikinəfərlik şam yeməyi daxildir.

Həmin kateqoriyadan