Bakı trekində mediatur

Mayın 30-da Formula-1 Azərbaycan qran-prisinin trekinə mediatur təşkil olunub. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər halqası əməliyyat şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer trek barədə bilgiləndirib. Trekin uzunluğunun 6,003 kilometr olduğunu bildirən mütəxəssis, trasın almaniyalı mütəxəssis Hermann Tilke tərəfindən hazırlandığını deyib:

“Bakı yarışı ən sürətli şəhər yarışlarından biri hesab olunur. 2017-ci il Azərbaycan qran-prisi azarkeş tərəfindən ilin ən yaxşı yarışı adına layiq görülüb. Formula-1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Tarixiliyin və müasirliyin vəhdətini uğurlu şəkildə bir araya gətirən Bakı şəhər halqası saatın əksi istiqamətində hərəkət edir. Trek ətrafında 3 min 600-ə yaxın blok quraşdırılıb və bu beton sədlər azarkeşlərin, marşalların təhlükəsizliyini təmin edir”.

Azərbaycan qran-prisində 52 dövrənin olduğunu diqqətə çatdıran Tom Butçer, indiyədək heç bir F-1 pilotunun Bakıda 2 dəfə qalib gəlmədiyini vurğulayıb: “Hər il fərqli pilot qalib gəlib. Bunu hətta “Bakı sindromu” da adlandırırlar”.

Media nümayəndələri, həmçinin düşərgədə görülən işlərlə də tanış olublar. Azərbaycan mükafat yarışı iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Həmin kateqoriyadan