Bakıda yeni kartinq mərkəzi istifadəyə verilib

Bakı Şəhər Halqası əməliyyat şirkətinin təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə Su İdmanı Sarayının ərazisində yaradılmış Bakı Şəhər Kartinq Mərkəzinin xidmətindən 7 yaşından yuxarı bütün şəhər sakinləri faydalana biləcəklər. Allsport.az saytı xəbər verir ki, əsas məqsəd Azərbaycanda avtoidman mədəniyyətini inkişaf etdirmək, ictimaiyyət arasında idmanın bu növünə maraq artırmaq və gələcək Formula 1 yarışları üçün yerli kadrlar hazırlamaqdır.

Qeyd edək ki, Bakı Şəhər Kartinq Mərkəzində istifadə olunan kartinq maşınları (kart) Fransanın SODİ KARTS
şirkətinə məxsusdur. SODİ kartları texniki göstərişləri, rahatlığı, müasir tərtibatı və ən əsası da təhlükəsizliyi
baxımından digər kartlardan fərqlənir. Kartinq yolunda eyni anda 24 kartın hərəkəti mümkündür. Təhlükəsizliyi təmin etmək məqsədilə kartinq yolunun kənarı keyfiyyətli baryerlərlə əhatə olunub. Bu baryerlərin içərisinə doldurulmuş rezin hissəciklər və kənarına çəkilmiş xüsusi lent zərbənin gücünü boğmaqla yanaşı həm də onun bütün baryer sistemi boyunca bərabər paylanmasını təmin edir. Bundan başqa, sürücülərə xüsusi şlemlər və od keçirməyən kombinezonlar da verilir.

Tamaşaçıların yarışı rahat izləmələri üçün xüsusi izləmə zonasının və kafenin də olduğu bu mərkəzdə qonaqlara
yaşına uyğun maşınlar təqdim olunur. Sürməyi yeni öyrənənlər isə ikinəfərlik maşınlardan istifadə edə bilərlər.
Digər tərəfdən, mərkəz gənclər arasında mütəmadi olaraq yarışlar keçirməyi planlaşdırır. Bu yarışlarda yeni
sürücülərlə yanaşı peşəkar sürücülər də iştirak edə biləcəklər. Bununla yanaşı, gələcəkdə yerli kadrların
hazırlanması məqsədi ilə azyaşlılar üçün peşəkar pilot kurslarının təşkili də nəzərdə tutulur.

Həmin kateqoriyadan