Baş katib Qurban Qurbanovun qarşısında geri çəkilir – məşqçilər və klublar komitələri ləğv edilir
18 noyabr 2017 / 11:57 Baxış sayı: 1435 3 illik fəaliyyət fayda vermədi. Allsport.az saytı xəbər verir ki, bu layihələrin lazımsızlığı dəqiqləşdi və AFFA geri addım atmağa məcbur oldu. Əslində, mətbuat hələ o zaman belə komitələrə ehtiyac olmadığını yazırdı. Görünür, “Boz ev” rəhbərliyinin başının daşa dəyməsi, yüzminləri havaya səpməsi üçün illəri qurban vermək lazım imiş.
AFFA icraiyyə komitəsinin bu il üçün gözlənilən son iclasında bəzi mühüm qərarlar veriləcək. Onlardan ən önəmlisi isə 2 komitənin ləğvi ilə bağlı olmalıdı. Futbolinfo.az-ın ciddi mənbələrdən əldə etdiyi bilgiyə görə, məşqçilər və klublar komitələrinin işinə xitam veriləcək. Bu haqda futbol camiəsində də müzakirələr sürətlənib.
“Sumqayıt”ın prezidenti Kamran Quliyevi tapmaq mümkün deyil. Həm də klublar komitəsinin sədri olan bu şəxs zənglərə cavab vermir, klubun mətbuat xidməti isə komitəylə bağlı məsələni cavablandırmır. AFFA-nın mətbuat katibi Firuz Abdulla da israrla komitənin nə vaxt yığılacağıyla bağlı suala yalnız onun cavab verə biləcəyini deyir.
Kamran bəy qaçır, gizlənir, gözə görünmür. Aylardır bir araya gəlməyən komitənin fəaliyyətsizliyi ilə bağlı bilgi almaq üçünsə başqa mənbəmiz yoxdur. Elə bu mətbautdanqaçma faktı da komitələrin ləğvi ilə bağlı xəbərlərin həqiqət olduğunu göstərir.
2014-cü il dekabrın 3-də yaradılan digər komitənin ləğvinin də səbəbi sadədir. Bu qurum da ölkə futbolunda heç nəyə faydalı olmadı. Yığma və klublarla xarici səfərlərə getməklə kifayətlənən komitə üzvləri yalnız tövsiyə verməklə məşğuldu.
Proseslərdə ciddi rolu olmayan məşqçilər komitəsi bundan sonra milli komandaların da işinə qarışa bilməyəcək. Əvvəllər yığmalara məşqçi tövsiyə etmək kimi səlahiyyəti olan qurum Qurban Qurbanovun bütün yığmalara nəzarəti ələ keçirməsindən sonra ofsayda düşüb. Üstəlik, qurumun məsləhət bildiyi bütün məşqçilər də fiaskoya uğrayıb.