Başı bəlalı “Neftçi”də indi də mükafat davası

Ardıcıl qələbələr də “Neftçi”də problemləri yaddan çıxarmayıb. Allsport.az saytı xəbər verir ki, indi də uğurlar bəzi söz-söhbətlərin meydana çıxmasına səbəb olur. Son günlər futbolçulara vəd edilən mükafatların verilməməsi haqda informasiyalar dolaşır. Deyilənlərə inansaq, baş məşqçi Tərlan Əhmədov futbolçuları ruhlandırmaq, komandada əhval-ruhiyyəni qaldırmaq üçün onlara mükafat fondu ayrılmasına nail olub. Lakin rəhbərlik vədinə əməl etməyib və Əhmədov pis vəziyyətdə qalıb. Belədə o, oyunçulara həmin mükafatları öz maaşından ödəyəcəyini bildirib.
Təbii ki, Tərlan bəyin cibi futbolçuların mükafatını ödəyəcək qədər böyük ola bilməz. Bildiyimizə görə, o, 3000 manat maaş alır və bu, çox da yüksək məbləğ deyil. Elə məsələyə münasibət öyrəndiyimiz Əhmədov da bunu dedi: “Bütün bunlar boş söhbətlərdi. Klubda hər şey qaydasındadır. İnanmırsızsa, rəhbərlikdən soruşun. Onlar daha ətraflı məlumat verə bilər”.
Klub rəhbərliyinin fikrini öyrənməyi mətbuat katibi Anar Şabanoğlunun öhdəsinə buraxdıq. Və o, futbolinfo.az-a konkret danışıb: “Məbləği deyə bilməyəcəm, amma hər 3 qələbəyə görə komandaya mükafat ayrılıb. İlk 2 qələbənin mükafatı artıq futbolçulara çatdırılıb, “Kəpəz”lə oyundakı 3 xal da növbəti matça kimi qiymətləndiriləcək”.
“Neftçi” tərəfi açıqlamasa da, əldə etdiyimiz məlumata görə, mükafat fondu 800-1200 manat aralığındadı. Hər futbolçu rəqibdən asılı olaraq, bu qədər irəli düşür. Ümumiyyətlə, “Neftçi”də daşlar hələ də yerinə oturmayıb. Hiss olunur ki, klubda ən azı 2 cəbhə var. Baş məşqçi az qala hər mətbuat konfransında qruplaşmadan danışır, rəhbərliyin nüfuzuna xələl gətirən açıqlama verir. Görünür, rəhbərliyin də ona söz deməyə cəsarəti çatmır, əvəzində mətbuatda bu xəbərləri təkzib edirlər. Halbuki yumruq bir yerə vurulmalıdı, prezident Orxan Hüseynzadə və futbolçular kimi, Əhmədov da belə söz-söhbətləri mətbuata çxarmamalı, daxildə həll etməlidir.
Tərlan bəy bütün uğurları öz adına bağlamaq istəyirsə, bu, başqa məsələ. Ancaq belə reklam da ona xeyir gətirməyəcək. Belədə rəhbərlik də nəsə fikirləşəcək. Necə ki, Hüseynzadənin ölkə mətbuatına müsahibə verdiyi gün, vitse-prezident Elnur Eyvazov da klub saytına açıqlama ilə qələbələrdən özünə pay ayırdı. Belə parçalanmalar, klub daxilindən informasiya sızmaları qələbələri davamlı etməyə bilər. İstisna deyil ki, mükafatla bağlı söz-sözbət də elə mətbuata klubdan sızdırılıb.

Həmin kateqoriyadan