Beynəlxalq sərgidə AFFA guşəsi

FİFA Dünya Kuboku-2018-in final mərhələsinin püşkatma mərasimi ilə əlaqədar noyabrın 30-dan etibarən Moskvada 15-ci “Futbol Market” beynəlxalq futbol sənayesi sərgisi keçirilir. Allsport.az saytı xəbər verir ki, tədbirdə AFFA-nın yerli futbol infrastrukturuna həsr olunmuş guşəsi yerləşdirilib. Qurumun iştirakının əsas məqsədi yerli futbol infrastrukturunun təqdimatı, xarici yığma komandaların və klubların ölkəmizdə təlim-məşq toplanışı keçirməyə cəlb edilməsidir.

Guşədə AFFA məşq mərkəzi, futbol akademiyası, yeni bərpa mərkəzi, Bayıl və Bakı olimpiya stadionları haqqında məlumat təqdim olunub. AFFA-nın guşəsi xüsusilə Rusiya futbol klublarının və Asiya ölkələrinin futbol federasiyalarının nümayəndələrinin marağına səbəb olub. Sərgidə AFFA-nın infrastruktur və marketinq şöbələrinin nümayəndələri iştirak edib.

Bakı şəhərində olan futbol infrastukturları iqlim şərtlərinin və qiymətlərin digər ölkələrdən daha münasib olmasına görə təlim-məşq toplanışlarının keçirilməsi üçün cəlbedicidir. Son 1 ildə artıq Türkmənistan və Küveyt futbol federasiyaları ölkəmizdə təlim-məşq toplanışları keçiblər.

“Futbol Market” beynəlxalq futbol sənayesi sərgisinin bu il üçün əsas mövzuları stadionların effektiv istifadəsi, futbol klublarının marketinq və menecmenti, texnologiya və innovasiyalardır. Sərgidə yerli idman qurumları və 30-dan çöx ölkədən nümayəndələr iştirak edirlər.

Həmin kateqoriyadan