- Baxış sayı: 242
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bəxtiyar Məmmədov | batyyar@mail.ru
Gəncədə stadiona hələlik azarkeş qayıdır
Vaxtilə ənənəvi futbol bölgələrimizin elitadan silinməsini futbolumuzun faciəsi adlandırmağımız heç də təsadüf deyildi. Bunu ötən illər də əyani nümayiş etdirir. Hələ bu az imiş kimi, maddi-texniki bazası qurulmuş klubların, bölgələrin də bu cərgəyə qoşulması çempionatı absurdlar teatrı səhnəsinə çevirməyə başladı. Beləcə, futbol «varmı, yoxmu» öhdəliyi, əslində, «Qarabağ»la «Neftçi»nin ixtiyarına, insafına buraxıldı. Onlar da bacarıqları həddində bunun öhdəsindən gəlməyə çalışdılar. Əlbəttə, bunun yetərli olmayacağı bəlli idi. Gün keçmədi, aylar dolanmadı, amma illər ötdü. Nəhayət, bütün ənənələrini itirmiş Sumqayıt, ardınca Gəncəyə böyük futbol qayıtdı. Sumqayıtda böyük ənənələr məktəb ünsürünə görə yoxa çıxdısa, Tovuz kimi, Gəncədə futbolu yaşadan tək məktəb və ənənələr deyil, həm də onun ictimai statusu, yerli əhalinin bağlılığına görə hələ də yaşamaqdadır.
Ötən bazar günü onun təsdiqini bir daha gördük. Keçmiş və unudulmaqda olan zamanlardakı kimi, futbol nisgili sanki meydana oyunun ruhunu qaytarmışdı. Gəncə şəhər stadionuna 20 minə yaxın azarkeş toplaşmışdı (rəsmi protokolda azarkeş sayı elə bu qədər göstərilib). Bu, hələ bir görüşün – «Qarabağ»la oyunun statistikasıdır, qarşıda «Neftçi ilə qırhaqır – əzəli və barışmaz rəqiblərin əyani üzləşməsi də var.
Ümumiyyətlə, ötən turlarda stadionlarda, rəsmi statistikaya görə, 83 min 680 tamaşaçı oyunları seyr edib. Bu hər oyuna orta hesabla 3487 tamaşaçı edir. Bu tamaşaçıların yarısından da çoxu 48 min 100-ü və yaxud orta hesabla hər oyuna 9620 nəfəri «Kəpəz»in oyununu izləyib. Aydın məsələdir ki, ev oyunlarında tribunalara 10 mindən artıq tamaşaçı toplayan «Kəpəz» bu mənada şəksiz və şəriksiz liderdir – onu doğma divarlar arasında tək qoymayan azarkeş sayı 45 min 700-dür.
Bəli, ilk təəssürat belədir ki, Gəncəyə böyük futbol qayıdıb. Lakin əvvəlki illərin təcrübəsi də deyir ki, əsl gəncəli təpəri ilə bu münasibət tam əksinə də dəyişə bilər. Komandanın cüzi dağılmağa başlaması, subyektiv münasibət yetərlidir ki, Gəncə azarkeşi meydandan üz döndərsin. Yəqin nə klub, nə də AFFA rəsmiləri bu dəfə bunu yaddan çıxarmayacaqlar. Bu əsl futbolsevərin münasibətidir. O, oyunu meydanda və yalnız meydanda görmək istəyir və cüzi təkan, cüzi kömək, cüzi ədalət yetər ki, bu sadiq azarkeş yenidən və həmişəlik futbolla nəfəs alsın.
Yəqin, AFFA əvvəlki illərin səhvlərini təkrarlamayacaq və futbolun illərlə toplanmış ənənəsinə hörmət qoyaraq, futbolu artıq formalaşmış bu münasibətlə – lupasız-filansız böyütməyə, yalansız-falansız inkişaf etdirməyə çalışacaq. Əks təqdirdə daha bir uçurum Azərbaycan futbolunu bu dəfə illərlə deyil, əbədi geri atacaq. Çünki digər idman növləri asta-asta öz yerini tutmaqda, ya da bərpa etməkdədir. Tarixin birinci Avropa Oyunları bu marağa daha bir təkan verməklə, idman növlərinə azarkeş marağının ən yüksək həddini nümayiş etdirdi. Amma azarkeş əvvəlcə futbol istəyir, onun tələbi də böyük deyil. Cüzi uğur və ondan da əfzəl münasibət tərzi yetər ki, azarkeş yenə və yeni ovqata köklənib həvəsə gəlsin. Onun kövrək qəlbinin həvəsdən düşməyi də heç yaxşı olmur. Hələ də «Qarabağ»lı Tofiq Bəhramov adına Respublika stadionunu boş qoymayan azarkeş ordusu, milli komandanın 3 dəfə kiçik tutumlu «Baksel Arena»dakı canfəşanlığına biganə qalır. Səbəb aydındır, nəticə isə göz qabağında.
Əlbəttə, keçmiş xatirələrin qoynunda oyundan da azacıq xəbər verək. «Qarabağ» yenə fərqli ovqatla, amma «Tottenhem» yorğunluğunu bəhanə gətirmədən Gəncədə öz tempi və temparamentində çıxış etdi. Qələbəyə də öz praqmatizmi ilə kökləndi. Həm də favorit olduğunu unutmurdu. Hesabı açdıqdan sonra komanda bir an belə səngimədən öz tempi ilə hərəkət etdi. Yeri gəlmişkən, qolu rəqib komandanın sükançısının oğlunun vurması da maraqlı fakt idi. O da maraqlıdır ki, Şahin Diniyevin bir oğlu «Qarabağ»ın, o biri isə başçılıq etdiyi komandanın formasını geyinir.
Bu maraqlı məqamı qeyd etməklə, Gəncə komandasının daha inadlı ola biləcəyini də vurğulayaq. Əlbəttə, tarix nə qədər təzyiq göstərsə, yeni sükançı bu riskə getmədi. Hərçənd mənə bu inad və istəyi də izləmək maraqlı görünürdü. «Qarabağ», ustalıq səviyyəsinə görə, rəqibdən üstünlüyünü isbat etdisə, hər iki komandada hücum problemi və bunun da təməlində dayanan oyun quruculuğu çatışmazlığı aşkar olunur. Hər dəfə oyun qırıldığı yerdə qalır və onu yenidən başlamaq, yenidən qurmaq lazım gəlir.
Tur qəribə təsadüflə yeni dövrün «böyük oyun» adını almış rəqabətinə də təsadüf etdi. Yalnız adda böyük olan bu rəqabət, öz kiçik miqyası ilə gurultusunun kölgəsində qalsa da, əslində, pis keçmədi. FİFA cəzasının istehzaları və «eşşək zarafatı» ilə üz-üzə qalmış «Xəzər Lənkəran», bəlkə də sözün bütün ciddi mənalarında komandaya çevrilmək üçün tarixinin ən böyük fürsətini əldə edib. İlk öncə, futbolçu yetişdirməyin məziyyətlərini duymuq və bundan ləzzət almaq şansını qazanmış klub meydanda, özü də səfərdə, əcnəbili-yerlili, cavanlı-təcrübəli rəqibindən heç nədə geri qalmadı. Hətta əzmdə, əzəli rəqabət anlayışında, prinsipdə onu üstələdi, tamam-natamam olmasına, azlıqda qalmasına rəğmən rəqibə layiqli cavab verdi. Bütün bunlar ona görə baş verdi ki, rəqibin cavanları həvəsli görünsə də, əsas dayaqları və əcnəbiləri özünə çox əmin və haradasa arxayın idi.
Nəticə ədalətli idi, amma bu görüşlər üçün yenə əsas mövzu gündəlikdən düşmədi: bəli, bəli, azarkeş qovğası. Adı «böyük» olub, cəmi 1500-nəfərlik tamaşaçı kütləsini ətrafına toplaya bilən iki əzəli rəqibin oyunu yenə qalmaqalsız bitmədi. Bu dəfə də hüquq mühafizlərinin müdaxiləsi ildən-ilə cırlaşmaqda olan bu münasibətə sədd çəkdi.
Məqaləni təsadüfən Gəncədəki azarkeş izdihamı barədə məlumatla başlamadım. Çünki bir gün Gəncə də futbol iddialısına çevrilsə, bu çılğınlıqlar orada da yaşanacaq. Ümumən futbolda bir namünasib münasibət tərzi formalaşmaqdadır. Futbol hakimiyyəti isə buna sədd çəkmək üçün yetərli vasitələrdən istifadə etmək fikrində deyil.
Futbol azarkeşsiz heç nəyə dəyməz. Bunu İtaliya futbolunun bir neçə il əvvəlki vəziyyəti əyani nümayiş etdirir. Qadağalar, boş tribunalar ilə nəyəsə nail olmaq mümkün deyil. Buna görə də indidən azarkeş mədəniyyətini formalaşdırmaq üçün əməli tədbirlərə əl atmaq lazımdır. Axı, Gəncədən sonra Tovuzda, Zaqatalada və başqa rayonlarda təşəbbüsü ələ alıb, bu dəfə ələ aldığını yerə salmadan AFFA futbolu sahibinə – xalqa qaytarmaq istəyən kimi görünməyə başlayıb. Görüntü də eyni kökdən olsa da, ümid edək ki, ümid sona qoyulmayacaq.