Kamran HACI
«Qarabağ» Poltavada açsada könlümü, qayıdanda qopardılar payız gülümü

Kamran Hacı | kamran-haji@mail.ru

Cari avrokubok mövsümünün qrup mərhələsində «Qarabağ»ımızın yeni rəqibləri siyahısına daha üçü əlavə olundu: «Arsenal», «Sportinq» və «Vorskla». Püşkdən dərhal sonra Feisbukda idman KİV-i arasında qızğın səfər müzakirəsi getdi («Qarabağ» rəhbərliyi sağ olsun, illərdir media qrupunu özü ilə beynəlxalq oyunlara apardığından, ərkyanədən irəli gələn baməzə söhbətləri klub nümayəndələri normal qarşılayır). Kimlərsə Lissabonu, kimlərsədə Poltavanı görməyi arzulayırdı. İkincini görmək istəyənlər çoxluq təşkil etsə də, Ukrayna mənə elə maraqlı deyildi. Əksəriyyət bilir ki, bu məmləkətə ən çox səfər edib qalan idman jurnalistiyəm desəm, yanılmaram. Ümumən, 17 şəhərində olmuşam, sonuncu dəfə 2 ay öncə dönmüşdüm. Bu üzdən, ən çox Atlantik sahillərini istəyirdim. Amma görünür, səfərimi istəməyən varmış. Lissabonu seyr etmək qismət olmadı, gələcəyə qaldı, bəlkə də heç vaxt mümkün olmadı.
Çərşənbə axşamı görüş məkanında, hava limanındaydıq. Həmkarlarımın gözləri sevincdən parıldayırdı, hərənin xəyalından nəsə keçirdi. Mən də içimdə rahat idim. Allahın köməkliyi ilə qələbəylə dönəcəyimizə inanırdım. Bunu hələ səfərdən öncə, «Qarabağ»ın ölkə çempionatının 10-cu turunda Tofiq Bəhramov adına stadionda «Sumqayıt»a qələbəsindən sonra ehtimal vermişdim. «Buta» aviaşirkətinin təyyarəsi ilə çarter reysi ilə uçuş təqribən 3 saat çəkdi. Poltavanın aeroportunda bizdən başqa kimsə yox idi. Qeydiyyat uzun çəkmədi. Sadəcə, yüklər boşaldılarkən, 5-10 dəqiqədə gözləməli olduq. Çöl qapıları hər dəfə açılıb-bağlananda, ordan gələn şimal şaxtası aramla iliyə işləyirdi. «Qarabağ»ın gəlişi Poltava böyük hadisəydi. Hava limanında çalışanlar futbolçularımızla xatirə şəkli çəkdirəndə, sanki onlara dünyanı bağışlayırdılar. Mən onlardan birinə İslandiya yığmasının qapıçısını Hannes Halldorssonu təqdim etdim. Dedim ki, yayda Rusiyada keçirilən dünya çempionatında argentinalı ulduz Lionel Messinin penaltisini dəf edəndir. Qız çox sevindi. Onu və həmkarını öz telefonu ilə qolkiperlə fotolarını çəkdim. Çıxışda komandamızı bir qrup həmyerlimiz qarşıladı. «Qarabağ» sədası ilə futbolçulara ruh verən azərbaycanlılar Vətənə sədaqət nümayişi ilə xoş mənzərə yaratdılar. Ukraynaya yaxşı bələd olmağım bir yana, səfər çərçivəsində həmyerlilərimizlə vaxtaşırı müxtəlif yerlərdə rastlaşınca, özümü heç qürbətdə hiss etmədim.

Poltavanı məşhur edən döyüş

Öncədən nəzərdə tutulduğu kimi, bizim qrup «Ukrayna» mehmanxanasında yerləşdi. Komanda rəhbərliyi sağ olsun, həmişə jurnalistlərə mərkəzdə yer ayırır. Bizə təhkim olunan sürücü dərhal mehmanxanaya sürmədi, mərkəzi dövrə vuraraq görməli-gəzməli yerləri, pul dəyişmə məntəqəsini və marketi göstərdi. Yol yorğunluğu öz sözünü dediyindən, həmin axşam heç yerə getmədim.
Ertəsi gün səhər yeməyindən sonra, sayta 5-6 xəbər yerləşdirib şəhərlə tanış olmağa çıxdım. Qaldığımız Dmitra Koryaka küçəsinin paralelində yerləşirən Sobornosti mərkəz sayılır. Yol – Poltava döyüşünün 100-illiyinə salınan və ortasında «Şöhrət» abidəsini ucaldığı dairəvi Korpus bağına aparır və ordan bir neçə səmtə haçalanır. Əsas istiqamətlə düz Sampsoniyevskaya kilsəsinə gedib çıxırsan. Məbədin həyətindən aşağıya, şəhərin yeni hissəsinə gözəl mənzərə açılır.
Poltava paytaxt Kiyevdən 350 km aralıda yerləşir. Elə təxminən 350 min əhalisi var. Şəhərin mərkəzində kərpiclə tikilən binalar Çar Rusiyasından qalıb. Məşhur döyüş olmasaydı, kim bilir, bəlkə də Vorskla civarı elə tanınmazdı. Bu məkan Böyük Pyotra şimal qapısını açıb. 1709-cu ilin yayında İsveç və Rusiya qoşunları Poltavada üz-üzə gəliblər. Zaparojye kazakların qarşı tərəfə keçmələrinə baxmayaraq, qüvvələr nisbəti Romanovların tərəfində olub və şiddətli döyüşdən sonra ağır itki verən skandinaviyalılar pərən-pərən düşüblər. Rus ordusunun həlledici qələbəsi Şimal müharibəsində dönüş nöqtəsi sayılıb və rəqibin Avropada əsas hərbi qüvvə kimi mövqeyini sarsıdıb. SSRİ dövründə orta məktəbdə tarix kitabında xüsusi bukletdə savaş təsvir olunarkən, bir ayağı kipsdə olan İsveç kralı 12-ci Karlın durbinlə vəziyyəti seyr etməsi indiyədək xatirimdədir.
Poltava zamanla diqqətdə olmasına rəğmən, yaxşı bələd olduğum Rovnodan sosial-iqtisadi cəhətdən geri qalır. Ümümən, ölkənin qərb bölgəsi şərqindən nisbətən inkişaflıdır. Qiymətlər fərqlidir. Geyim orda ucuzdur. Rovno bazarında addımbaşı bal, orda qoz satılır. Çərəz topdan alış 65 qrivna (4 manat 20 qəpik), satış 120-dən başlayır. Yəni, 7 manat 70 qəpik. Vilayətin öz yerli çəki şkoladı 80 qrivnayadır (5 manat 20 qəpik). Həmyerlilərimiz bazarda aparıcı mövqe tuturlar. Düzü, şəhərin özündə yaşayan azərbaycanlıların yarısı «Qarabağ»ın oyununa gəlsəydi, 3-4 tribunanı təmiz doldurardıq.
Poltavanın qızları qərb və yayda şahidi olduğum cənub regiondakı kimi üzdən elə də qəşəng və gözəl vücudlu deyillər. Ukraynaca danışan azdır. Rovno və ondan o tərəfə hamı yerli dildə danışır. Onlara rusca sual verdikdə belə, sənə öz dillərində cavab verirlər. Səfərlərim həmişə yay vaxtına təsadüf etdiyindən, oraları payızın xəzanına bürünən görməmişdim. Gündüzlər hava yaxşıydı, axşam düşdü, duman və şaxta qapını döyməyə başlayırdı.

«Hamını aldadıb a! Uşaqda fərasətə bax! «Molodes» sənə

Qurban Qurbanovun mətbuat konfransı matçın keçirildiyi Aleksey Butovski adına stadionun yaxınlığında yerləşən zalda oldu. Baş məşqçimiz və müdafiəçi Qara Qarayev nikbin görünürdü; hər ikisi matçın necə böyük əhəmiyyət kəsb etdiyini anlayırdı. Toplantının gedişində ATV-nin məşhur aparıcısı Sənan Şəfizadə elan verdi ki, səfirliyimiz Bakıdan gələn qonaqlara ziyafət verəcək, qatılmaq istəyənlər lap sonda buyura bilərlər.
İctimaiyət üçün stadionda məşqin açıq hissəsini Azərbaycanın Ukraynada elçisi Azər Xudiyev və Poltava şəhərində fəxri konsulu Elşən Vəliyev də izlədilər. “Qarabağ” rəhbərliyi onlara arxalarında adları yazılmış futbol köynəkləri hədiyyə etdilər. Bizə ayrılan vaxt başa çatandan sonra stadionun həyətinə toplaşdıq. Bu vaxt bizə klubun direktoru Əmrah Çəlikəl qoşuldu. Ayaq üstü bir az söhbət etdik. Söz hansısa səfərlə bağlı Şengen vizasından düşəndə, daha doğrusu, türkiyəli qardaşımız fanat.az-ın rəhbəri Əli Sahibdən bunun olub-olmamasını soruşduqda, müdaxilə edib bildirdim ki, artıq məndə də multiviza var, bu yaxınlarda Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı üçün Macarıstan səfirliyindən almışam («Qarabağ»la ötən il buna cəhd etsəm də, Fransa səfirliyi İspaniyaya səfərə 25 günlük icazə vermişdi). Bir sözlə, onlarla alınmasa da, sağ olsunlar, bunda dəstək veriblər. Belədə, Əmrah bəy, klubda bir nəfərin ona verdiyi bilgiyə görə, məhz «Qarabağ» tərəfindən bunun alındığını deyəndə, məsələnin heç də belə olmadığına aydınlıq gətirdim. Bu məqam, mənə «Şərikli çörək» filmində bütün günü zolaqlı gecə paltarında evinin pəncərəsindən həyətdəkiləri güdən təqaüçünün Vaqifin itmiş çörək talonu tapılanda, buna müxtəlif don geydirən Genkanın sözünün ardınca işlətdiyi fikri xatırlatdı: «Hamını aldadıb a! Uşaqda fərasətə bax! «Molodes» sənə!» Elə bu zaman gözüm televizora sataşdı. Telekanalların birində «Yol əhvalatı» gedirdi. JEK müdiri Qurban rolunu canlandıran rəhmətlik Siyavuş Aslan yaxınlarını yeznəsinin qəbirsandıqda daş emalatxanasına yığıb nitq söyləyirdi: «Mənim sizi bura yığmaqda məqsədim odur ki, sizlə işləmək çox çətindir. Sizdən adam olmayıb, olmayacaq da. Götürək elə mənim bu bacıoğlu «Makintoşu»… Bu hərif, hələ osmellisə mənim özümə bugünləri françuzski qalstukun yerinə ərəbski qalstuk itələyib…»

«Sapı özümüzdən olan balta» ya «Pişiyin ağzı ətə çatmayanda»

Hamı yığışandan sonra sprinterlərə minib ziyafətin veriləcəyi məkana səmt aldıq. Görüş yeri Poltavanın kənarında idi. Restoran meşənin içində salınmışdı. Orda əməli-başlı şaxta hiss etdik. Hər tərəfdən gələn duman vahimə yaradır, ingilislərin çəkdiyi və sovet dövründə yayımlanan «Robin Qud» serialında ovçunun gəlişi səhnəsini xatırladırdı. Şam yeməyində ilk dəfə maral ətini daddım. Yeməklərdə donuz ətindən istifadə olunduğu üçün, mən daxil, dindar jurnalistlər mal ətindən kabab gələnəcən, xeyli gözləməli olduq. Həmyerlilərimizdən biri dedi ki, restoran xidmətçiləri bu qədər qonağa xidmət etməyə alışmayıblar. Masanın o biri tərəfində digər həmkarlarım tost deyir, haqlı olaraq idman jurnalistikasını tərifləyirdilər. Durum əsnasında, söhbətə səfir Azər Xudiyev və konsul Elşən Vəliyev qoşuldu. Sağ olsunlar, bu 2 gün ərzində bizləri bir an belə tək qoymadılar. Onlar məclisi tərk edəndən sonra, bizim qrup da getmək qərarına gəldi. Badə qaldıran həmkarlarımızdan ayrılıb geri döndük və şamı mehmanxanada tamamladıq. Nə biləydik ki, Poltava səfəri və səfirin 20-nəfərlik jurnalist heyətinə təmtəraqlı qonaqlıq verməsi Bakıda çox adamın qarnı ağrısına səbəb olacaq. Geri qayıdanda, təyyarədə «CBC-Sport»un məşhur şərhçisi Gündüz Abbaszadənin Feisbukda qarşısına bizlə birgə yollanmış Səbuhi Məmmədlinin noyabrın 9-da «Futbol+» qəzetində «Diqqətcil «Qarabağ» və ya Poltavaya kim və niyə getmişdi?» sərlövhəli təəssurat yazısından bir parça çıxır. Maraqlıdır ki, sonradan geniş müzakirə doğuracaq həmin hissəni güləş federasiyasının mətbuat katibi Sərxan Musalı öz səhifəsində paylaşmışdı. Anlayıram, o əvvəl bu nəşrdə çalışıb, amma indi sırf AGF üçün çalışır və bunun nə məqsədlə etməsi çoxuna qaranlıq qalsa da, mən təxmin edirəm.
Təcrübəli həmkarım yazır ki, özüm bir müddət «Sovetski sport»un Bakı təmsilçisi olmuşam, amma onların böyük əksəriyyətini tanımırdım. Tanımaq bir yana, təmsil etdikləri saytların adını belə ilk dəfə eşidirdim. Səbuhi Məmmədli yəni özü qeyd edir ki, bir müddət, əslində, 15-20 il öncə idman mətbuatında olub. Belə olan halda, ordakıları və mənsub olduqları saytları necə tanıya bilər? «Yeni Musavat»da işlədiyi dönəmdə, illərdir redaksiyaya gedib-gəlmiş insanı, yəni məni xatırlamadı, qaldı ki başqaları olsun. Sonra qələmə aldığına baxın: ««Vorskla»nın baş məşqçisi Vasili Saçkonun mətbuat konfransına 6 nəfər getmişdi. 20 nəfərdən vur-tut altısı. Qurban Qurbanovun mətbuat konfransına isə 20 nəfərin hamısı ona görə getmişdi ki… Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev tədbirdən sonra ziyafət verəcəkdi».

Sözsüz, Səbuhi Məmmədli idman jurnalisti olsaydı, bilərdi ki, «Qarabağ»ın baş məşqçisinin avrokuboklarda mətbuat konfranslarında həmişə çox adam iştirak edir. Bunu qoyum bir tərəfə. Təcrübəli yazarın qeydindən belə çıxır ziyafət olmasaydı, az adam olacaqdı? Yəni heç kim öhdəsinə düşən vəzifəni bilmir? «Qarabağ»la 2 dəfə də səfərdə olmuşam. Ezam olunanların hamısı mətbuat konfransında iştirak ediblər. İndi həmkarımın təbirincə, hər dəfəsində sonra ziyafət olubmu? Vallah, çox ayıbdır! Burda bir sadə yozum var. Bunun üçün nə alim olmaq gərəkir, nə Mikayıl Nərimanoğlu, nə Mayis Musayev, nə də Media komitəsinin idarə heyəti. Heç Quantanamoda həbsə, Afrika savannasında buşmenlərlə qottentotlarla birgə nahara da ehtiyac yoxdur. «Qarabağ»la dəfələrlə səfərdə olan «Futbol+» qəzetinin baş redaktoru bilmir ki, həqiqətdə bu, belə deyil? Mahir Rüstəmli nəşrin rəhbəridir, hər məqaləyə məsuliyyət daşıyır. Həmin məqamı görüb müxtəlif söz-söhbətə yol açmış yazıya müdaxilə edə bilməzdi? Necə oldu, yazı çıxan kimi, məsələyə aidiyyatı olmayan Sərxan Musalı məhz bu hissəni paylışdı. Güləşin dərdi azdırmı? Təzadlı məqalədən nə tez xəbər tutdu? Olmaya, pərilər və cinlər xəbər vermişdi? Üstəgəl, geri dönərkən, ağır hava şəraiti nəticəsində həmin gecə deyil, səhərisi gün uçacağımızı Mahir Rüstəmli hardan bildi və öz Feisbuk səhifəsində elan verdi? Axı, klubun mətbuat katibi Nurlan İbrahimov burdakılar narahat olmasın deyə, hadisənin sirr qalmasını xahiş etmişdi. «Futbol+» nəşrinin də orda əməkdaşı yox idi ki, xəbəri ötürəydi (!). 20 ilə yaxındır idman jurnalistikasındayam, məgər sosialdan, iqtisadiyyatdan və digər sahələrdən yazanların hamısını tanıyıram? Onların bir tədbirində iştirak edib, təsadüfən baş verə biləcək olayı ümumən hamısına şərik qoşub və ya sizdə həmişə belə olub, durumu bu tərzdə qələmə almalıyammı? İndi belə çıxır ki, tanınmış bir jurnalist «Futbol+» və onun baş redaktoru barədə allsport.az-a aşkar yalan guşə yazısı vermək istəsə, onu olduğu kimi qəbul edib və qınaq olunanda, mən qələmə almamışam, filankəsin sözüdür deməliyəm? Bəs hardadır ədalət, vicdan?

Uca Rəbbim bizi meydanda utandırmadı

Oyun günü hərə öz işindəydi. Kimisi şəhərlə tanışlığı davam etdirir, kimisi də evə sovqat alırdı. Səfirliyimiz «Qarabağ»la 9 noyabr – Dövlət Bayraq Günü münasibəti ilə gözəl tədbir keçirdi. Axşam otaqları təhvil verib şam etdik və «Ukrayna» otelindən uzaq olmayan Aleksey Butovski adına stadiona istiqamət aldıq. Yerli futbolsevərlər qalın geyinib boyunlarını sevimli klubunun şərfini dolayıb görüşə baxmağa hazırlaşırdılar. Soyuğa qarşı mübarizədə pivə və isti sosislərdən «yararlanırdılar». Görüşün başlamasına saatyarım qaldığı üçün, mətbuat kofransının keçirildiyi zala yığışdıq. Orda «Qəbələ» idman klubunun boks bölməsinin baş məşqçisi Fariz Məmmədov bizə qatıldı. Ünlü peşəkar rinq ustası bildirdi ki, oyunu canlı seyr etmək bir ağdamlı kimi borcudur.
«Vorskla»nın rəsmi fan-mağazasında matç üçün buraxılmış şərflər bir göz qırpımında alınıb. Satıcı dedi ki, onlar bunu gözləməyiblər. Belədə, evə oyunla bağlı xatirəsiz dönməmək üçün, fasilədə stadionun çölündə 160 qrivnaya, bizim pulla 10 manata parçasının keyfiyyəti qismən fanşopdakından geri qalan 2 şərf aldım.
Görüş başlayanda hərə öz yerini aldı. Media tribunası elə böyük olmadığı üçün güclə bir yer tapdım. Məndən sağda sportnet.az-ın rəhbəri Elşən Məmmədov noutbukunu açıb, adəti üzrə operativ işləyirdi. Onun sağında, küncdə matç.az-dan Ruslan Sadıqov telefonu ağzına yapışdırıb 90 dəqiqə Bakıya məlumat ötürürdü. Sol tərəfimdə Gündüz Abbaszadə ilə aramda 3-4 nəfər olsa da, səsi aydın gəlirdi. «CBC-Sport»un əməkdaşı görüşün canlı şərh edirdi. İlk yarıda soyuqdan qorunmaq üçün ködəkcəsinin papağını başına keçirərək, tez-tez yerində var-gəl edirdi. Növbəti hissədə papağı endirmişdi. Bizim kimi, onun da kefi yaxşılaşmışdı, komandamız 1:0 irəlidəydi, gərginlik və həyacan azalmışdı. Matçın sonlarında rəqib 2-3 təhlükəli vəziyyət yaratsa da, Hannes Halldorsson mükəmməl oynadı. Görüşdən sonra mətbuat konfransına xoş ovqatla yollandıq. Bu mövsümün qrup mərhələsində həm ilk topumuzu vurmuşduq, həm də 1-ci qələbəmizi qazanmışdıq. Qurban Qurbanov özünəməxsus tərzdə – təmkinlə qələbəyə gözəl izah verdi, rəqibə də hörmətlə yanaşdı. Vasili Saçko da öz növbəsində, komandamıza sayğı ilə yanaşdı, «Qarabağ»ın şəninə tərif dedi.

Tifağı dağılmış media komitəsindən qalan qüsur

«Dədə Qorqud»da ozanın bir monoloqu var: «Şadlıq etdik, çaldıq, oxuduq. Elə bildk ki, Oğuz elinin qadalı-badalı günləri qurtarıb getdi. Nə biləydik ki, müsibətli günlərimiz qabaqdaymış». Ordan hava limanına yollandıq. Proqrama əsasən, həmin gecə Vətənə dönməliydik. Hərçənd təyyarənin təkərlərini don vurduğundan və Poltava hava limanı hər fövqəladə hala hazır olmadığından, geri qayıtmaq məcburiyyətində qaldıq, lakin bu dəfə «Ukrayna»ya deyil, komandanın qaldığı mehmanxanaya. Artıq gecəydi. Həmin vaxt yuxun şirinliyi təzə-təzə adama yer edir. Planlaşdırılmamış olay – xırda bir fövqəl durum bəzi həmkarların iç üzünü açdı: böyük-kiçik, ədəb-ərkan itdi; sanki Qiyamətdir, hərə öz hayındadır.
«Qarabağ» rəhbərliyi çıxış yolu üçün hərəkətə keçmişdi. Uçuş səhər saat 11:00 üçün nəzərdə tutulurdu. Ancaq o da hələ dəqiq deyildi. Klubun əməkdaşları Makdonaltsdan yemək sifariş verdilər. O gələnədək otelin restoranında əyləşib çay, qəhvə içdik. Poltava turist şəhəri olmadığı üçün, gecə xidmət edən yox idi. 10-15 dəqiqəyə bir xanım əməkdaş gəldi. Bilinirdi ki, evindən çağırıblar. Qulluğa başladı, bir az özümüzə gəldik. Amma üzlərdən görünürdü, hamı yatmaq istəyir. Bir az keçməmişdi, müdafiəçimiz Bədavi Hüseynov «Qarabağ»da çalışan Yusif Hüseynə yaxınlaşdı. Sağ olsun, özü üçün aldığı şirniyyatları və şirələri salafan zənbilindən çıxarıb jurnalistlərə paylanmasını istədi. Həmkarımız verilənləri masalara bölüşdürdü. Söhbət əsnasında, «Hettrik-nyus» qəzetinin baş redaktoru İlqar Tağıyevlə media komitəsinin ötən dövründə layihə yazımla bağlı yenə mövzu açdı. İdarə heyətinin keçmiş üzvü telefonunda yazılardan birini tapdı və oxudu. Ona təkrarən bildirdim ki, «İdman jurnalistikası» istiqaməti üzrə metrorumun allsport.az-a kəsdiyi cərəməni və yazıma şübhə ilə yanaşmasını qəbul etmirəm. Əlavə etdim, tutaq ki, layihəni mənçün kimsə işləyib. Məgər komitədə belə hal olmayıb? Newsport.az saytının rəhbəri layihə yazılarını başqalarını yazdırırdı, bunu bütün KİV bilirdi və altında da öz imzasını qoyurdu. Heç ona niyə bu 2 ildə ərzində güldən ağız söz deyən olmadı? İşarə azlığı ilə digər rəqib saytda aşkarladığım nöqsan dəfələrlə cəzasız qalıb. Hələ demirəm ki, adını çəkdiyim sayt güləş idman növü istiqamətində Rio-2016 olimpiadasından dönən millinin o vaxtkı baş məşqçisi Saypulla Absəidovdan hava limanında aldığım musahibəni «kopi-past» edib layihə yazısı kimi media komitəsinə təqdim etməsini və buna göz yümulmasını.

Xülasə, keçim əsas mətləbə. Bu zaman bizim masada əyləşmiş futbolpress.az-ın təmsilçisi Faiq Tahirov söhbətə müdaxilə etdi və guya çox bilir kimi, nəsə dedi. O olsaydı, belə edərdi – 2 cümləni saxlardı, qalanını silərdi. Təbii, onun olmağı üçün, ən azı, Kamran Hacı kimi 86 yaşlı «İdman», «Futbol+qol», «Futbol+», millət vəkili Sahib Alıyevin zamanında baş redaktoru olduğu «Mərkəz» nəşrlərinin müxbiri, apasport.az və azerisport.az saytlarının əməkdaşı, 2009-2010-cu illərdə ən yüksək dövrünü yaşayan güləş federasiyasının media mütəxəssisi, 2010-cu ildə AİJA tərəfindən «İlin jurnalisti», Bakı-2015 ilk Avropa oyunlarında 42-günlük Məşəl festifalında heyətdə yer alan yeganə azərbaycanlı idman jurnalisti, gənclər və idman nazirliyinin 2 Fəxri diplomu və «Fəxri bədən tərbiyəçisi və idman işçisi» adına layiq görüləsən. Olmaya, sıradan bir saytın nümayəndəsi KİV-ə «Boz ev», «Mimi», «Futbolumuzun sədri-əzəmi», «Ramin Musayevin çempionatı» kimi ifadələr gətirib? Və ya güşə yazılarında tanınmış mətbuat katiblərini sərt tənqid edib? Onun üçün cəsarət və «Yarımştat» teletamaşasında rəhmətlk Yaşar Nuri demiş, DÖT lazımdır! Olmazdımı ki, gedib başqa yerdə oynayardı? Bu azmış kimi, stola qoyulan alma şirəsini «bilirəm ki, sən içmirsən» deyib son damlasına qədər öz stəkanına süzdü. Həmin nektarı Yusif masaya hamı uçun qoymuşdu və ordan mənim də payım vardı. Suyu başqasına verməmək Yeziddən, Şümürdən qalan ənənədir. Yaxşı ki, gənc jurnalistə dövlətdə vəzifə verliməyib, yoxsa büdcənin aqibətini təsəvvür etmək çətin deyil. Varı ilə yoxu bilinməyən, tifağı dağılmış media komitəsinin idarə heyəti ətrafa layihə səpələmək, səfərlər təşkil etməklə müxtəlif söz-söhbətə yol açınca, yaxşı olardı ədəb-ərkən məşğələsi keçirib, orada Nəsirəddin Tusinin «Əxlaqi-Nasiri»ni və etika-estetikadan digər mühüm məqamları gənclərə öyrədərdi!
Arxa masada Gündüz Abbaszadənin səsi gəlirdi. Yenə maraqlı nəsə danışırdı. Zarafat deyil, xeyli pərəstişkarı var. «Neftçi»də mətbuat katibi olduğu dönəmdə, komandanın futbolçusu Rail Məlkov (indi «Sumqayıt»da oynayır) mənə forma hədiyyə etmişdi. Tanıdığım və eşitdiyim bəzi futbolçularımız kimi, çox ürəyitəmiz, səxavətli oğlandır. Söyləmişdim ki, formanı həmkarıma verər, o da mənə çatdırar. İllər keçdi, amma Gündüzdən səs çıxmadı. Hətta flaqmanda çıxış etmiş və o zamandan bəri söz verdiyi Rəşad Sadıqovdan nəhayət, bu səfər futbol geyimini ala bildim. Abbaszadə birində qayıtdı ki, formanın aqibətini xatırlamır, əvəzində millininkini hədiyyə edəcək. Uzun minvaladan sonra, onu Poltava səfərində özü ilə götürsə də, 3 gün ərzində bir dəqiqə vaxt edib mənə vermədi. Amma öz aramızdır, «ağ-ulduzlu» forma Bayraq günündə nə hədiyə olardı! Əminəm ki, Hacı dayı, Molla Nəsrəddin və Bəhlul Danəndə dövrümüzdə yaşasaydılar, bu əhvalatdan mütləq qəşəng bir lətifə qoşardılar.

Yersiz gəldi, yerli qaç və ya böyük-kiçik bilməyənlər

Makdonalstdan yeməklərimiz gəldi. Onu bitirənədək klub əməkdaşları çıxış yolu arayırdı. Sonda qərara gəlindi ki, oteldə qaldığımız otaqların bəzilərinin tutulmasına rəğmən, ora dönək və imkan daxilində sıx-sıx yataq. Səfərdə mənlə «İdman Azərbaycan» TV-nin gənc reportyoru İqbal Aslanov qalırdı. Bizə idman-xəbər.az saytının rəhbəri Səxavət Qurbanov qoşuldu. Çarpayımız elə enli olmadığından, 3 nəfərin bir yerdə yatmasına razılaşmadım. Hər kəsin bir təbiəti var. Görəndə ki, böyük-kiçik yeri yoxdur, yeni qoşulan həmkar aramda10 yaş fərqini 10 gün kimi hesaba alır, çarəsiz qalıb yerdə yatmağa qərar verdim. Yastıq 2 dənə olduğundan, aşağı düşüb inzibatçıdan əlavə birini istədim. Geri qayıdında, gördüm yersiz gəldi, yerli qaç. Hər ikisi işığı söndürüb özünü yuxuluğa vurub, durum veclərinə deyil. Onları «oyadıb» çarpayını bir az sağ tərəfə çəkdik ki, solda istilik dəmirinin yanında rahat yer düzəldim. Üst örtüklərini bir təhər döşək əvəzi etdim. Baxdım ki, üstümə örtəcək bir şey qalmayıb. Hər ikisi yorğanı və yun örtükləri başlarına çəkiblər. İstəyəndə, dedilər soyuqdur. Bəs mənə üstü açıq soyuq olmayacaqdımı? Güclə Səxavətdən ikincini qopardım. Səhər namaza oyananda hiss etdim ki, üşüyürəm. İbadəti bitirib təzədən yatanda, o biri yun örtüyü də üstlərindən çəkdim.
Səhər yeməkdən sonra deyildi ki, hava limanında vəziyyət yaxşıdır, planlaşdırılan vaxtla uçacağıq. Otelin restorananından ən axırıncı mən çıxdım. Yol qabağı sayta bir neçə xəbər qoyurdum. Dəhlizdə divanın sol küncündə yerdə salafana bükülmüz uzunboğaz çəkmə gördüm. İqbalın idi, dərhal bildim. Götürüb sprinterin yanında özünə təqdim etdim. Sevindi, çünki aeroporta və ya Bakıda yadıma düşməsinin faydası olmayacaqdı. Təcrübəmə əsasən səfərə çıxan həmkarlara tövsiyyə edirəm ki, mehmanxanadan, minik nəqliyyatından axırıncı çıxan həmişə ətrafa diqqətlə baxsın. Unudulan nəsə varsa, götürsün. Sözsüz ki, kollektivdən birinin olacaq. Bu səfərdə təriflənəsi varsa, o da «Qarabağ» camiyəsidirdır. Klubun heç bir əməkdaşını arasında fərq qoymuram. Əsl peşəkarlıq nümayiş etdirdilər, fövqəladə vəziyyətdə özlərini itirmədilər. Orda duydum ki, Qurban Qurbanov köməkçisi Elçin Rəhmənovla son gecəni otaqda deyil, dəhlizdə keçiriblər, öz yerlərini futbolçulara veriblər. Halbuki qələbəni bütün komanda haqq edirdi, tək futbolçular yox. Bu, baş məşqçinin böyükluyü və əsl «Qarabağ» – Azərbaycan nümunəsidir. Yaxşı olar ki, bundan örnək götürülsün, alicənablıq, böyüklük nədir, öyrənilsin. Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu imtahan məqamı isə qarşıdakı səfərlərlə qorunacaq səviyyə ilə ölçüləcəksə, növbəti söz, əlbəttə ki, yenə deyiləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish