“Böyüyün, müəllimin sözünü eşitməyən idmançı uğur qazana bilməz”

Xorvatiyanın paytaxtında güləş üzrə dünya çempionatında gənc sərbəst güləşçimiz Nürəddin Novruzov 61 kq-da 3-cü yer tutdu. Allsport.az saytı xəbər verir ki, o, çıxışından sonra Bakıdan ezam olunan azərbaycanlı KİV nümayəndələrinin suallarını cavablandırdı:

– İlk görüşdə iranlı rəqibimə uduzdum. O, finala yüksəldiyindən, medal qazanmaq imkanım yarandı. Allaha şox şükürlər olsun, düşən fürsəti əldən vermədim.

– Ötən il Bakıda keçirilmiş U-23 qitə birinciliyində növbəti hədəfinin böyüklər arasında dünya çempionatı olacağını demişdim. Artıq hesab etmək olarmı ki, arzuna çatdın?
– Çalışırıq, məşqlərimizi dayandırmırıq. Bizə düşən səbəblərdir. Onlar nələrdir? Özümüzə diqqətmək etmək, çərçivədən kənara çıxmamaq, müəllimlərin sözünü eşidib yaxşı hazırlaşmaqdır. Öhdəmizə düşən əsas iş budur.

– Neçə ildir ki, Azərbaycan sərbəst güləşçiləri dünya çempionu ola bilmirlər. Səncə, bunun üçün nə lazımdır?
– Buna lazımlı şeyləri məşqçilər daha yaxşı bilər. Biz ancaq çalışmalıyıq. Hazırda yeni gənc nəsil yetişib. Onlar təcrübəlilərlə mübarizədən güc cəhətdən geri qalırlar. Komanda yaxşı hazırlaşıb birlikdə bir hədəfə vurmalıyıq.

– 61 kq qeyri-olimpiya çəkisidir. Los Anceles-2028-in başlamasına 3 il var. Çəkini yendirmək, yoxsa qaldırmaq niyyətindəsən?
– 57 kq mənə çətin olar. Çox çəki salanda, güləşə bilmirəm. Düşünürəm ki, 65 kq daha uyğun olar. Hər halda, ən yaxşısını məşqçilər bilər. Mən onların məsləhəti ilə yol gedirəm. Böyüyün, müəllimin sözünü eşitməyən idmançı uğur qazana bilməz.

Kamran HACI, Zaqreb

Həmin kateqoriyadan