“Boz ev” Bəhlul Mustafazadənin qırmızı vərəqəsini ləğv edib

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra Topaz premyer liqasının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Sumqayıt” – “Qəbələ” matçında “kimyaçılar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Qara-qırmızılar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Görüşün 90+2-ci dəqiqəsində qonaq futbolçu Rauf Əliyev 2-ci sarı vərəqə aldığına görə, 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Matçın 90+2-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadəyə göstərilən qırmızı vərəqə ləğv olunub.

Oyunun hakiminin ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq, onun haqqında lazımi ölçü götürüb intizam komitəsini məlumatlandırması hakimlər departamentinə tapşırılıb.

“Səbail” – “Keşlə” matçının 49-cu dəqiqəsində ev sahibinin futbolçusu Yevgeni Koçuk ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Neftçi” – “Qarabağ” matçında “ağ-qaralar”ın 5, rəqibin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün, hər iki klub 800 manat cərimə olunub. Oyunun 58-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Həmin kateqoriyadan