- Baxış sayı: 29
- 02 Mart 2026 15:59
- Baxış sayı: 126
- Mart 01, 2026
- 0

AFFA premyer liqada son turda (22-ci) oyunlarda hakim qərarları ilə bağlı bəyanat yayıb. Allsport.az saytı mətni təqdim edir:
– Azərbaycan futbol federasiyaları assosiasiyası (AFFA) ölkə futbolunun ali idarəedici qurumu olaraq fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FİFA prinsiplərinə uyğun şəkildə həyata keçirir. Allsport.az saytı xəbər verir ki, AFFA-nın əsas hədəfləri ədalətli oyun, şəffaf idarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadının qorunmasıdır.
Son dövrlərdə AFFA hakimlər komitəsi və hakimlər departamentində aparılmış islahatlar məhz bu prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlib. Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurları beynəlxalq təlimatlara uyğun icra olunur və proseslərin institusional əsaslarla təkmilləşdirilməsi davam etdirilir.
Eyni zamanda bildiririk ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün 3 dəfə rəsmi müraciət etmək hüququna malikdir. Bu mexanizm şəffaflığın artırılması və sualların institusional qaydada cavablandırılması məqsədi daşıyır.
Bununla yanaşı, “Neftçi” PFK tərəfindən son günlər ictimaiyyətə premyer liqanın 2025/2026-cı illər mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılır. Yaranmış vəziyyətdə spekulyasiya xarakterli məlumatların yayılması, ictimai rəylə manipulyasiya edilməsi və oyun epizodlarının qiymətləndirilməsində şəxsi maraqlardan irəli gələrək qaydaların təhrif olunması hallarının qarşısını alınması məqsədilə bildiririk ki, AFFA hakimlər komitəsi klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazırdır.
Bu məqsədlə “Neftçi” PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət edir, təqdim olunan epizodların detallı şəkildə təhlil olunmasını və mövcud sualların cavablandırılmasını təklif edirik.
AFFA olaraq bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırırıq.