Britaniyalı F1 azarkeşi “Hilton Baku”da “Maklaren-Xonda” otağını 1 gecəliyə 10.000 ABŞ dollarına alıb

Azərbaycan qran-prisi ərəfəsində “Hilton Baku” mehmanxanası məşhur formula1 sürücüləri Fernando Alonso və Stoffel Vandurnun şəxsi əşyaları ilə bəzədilmiş “Maklaren-Xonda” otağını qonaqların xidmətinə təqdim edir. Allsport.az saytı xəbər verir ki, 2005-ci ildən etibarən bu komanda heyətinin fəxri tərəfdaşı olan “Hilton” hər il
yarışların keçirildiyi 17 ölkədə yerləşən mehmanxanalarından birində F1 azarkeşləri üçün xüsusi yarış otağı hazırlayır. Bakı Şəhər Halqasının uğurlu fəaliyyəti və avtomobil həvəskarlarının Azərbaycan qran-prisinə artan marağını nəzərə alaraq, bu il sözügedən layihə üçün məhz Bakı şəhəri seçilmişdir.

Yarışların ən öncül simalarının daim seçdiyi məkan olan Hilton bu uğurlu tərəfdaşlığı qeyd etmək və 2017 formula1 Azərbaycan qran-prisini daha geniş kütlələrə tanıtmaq məqsədilə turistlərə xüsusi McLaren-Honda dizaynlı otağında gecələmək imkanı yaradır. Bu otağın hər bir guşəsi sürücülərin istifadə etdikləri orijinal əşyalarla bəzədilib. Məşhur formula1 pilotu Fernando Alonsonun yarış uniforması və başlığı, “Maklaren-Xonda” sükan çarxı, “Pirelli”
təkərləri, pilotların adları həkk olunmuş hamam xalatları, heyətin yarış tarixini əks etdirən kitab və digər maraqlı əşyalar otaqda qalmaq istəyən qonaqların istifadəsindədir.

İstənilən F1 azarkeşinin xəyallarını bəzəyəcək bu otaq həmçinin yarışın Pit binası və Bakı Şəhər Halqasına açılan möhtəşəm mənzərəsi ilə də diqqəti cəlb edir. Otağı icarəyə götürmək istəyən yarış həvəskarları yüksək adrenalin dolu Baku-2017 F1 həyəcanını, pitstop əməliyyatlarını, startdakı qrid düzülüşünü və finiş xəttini birbaşa görə biləcəklər.
Bakı “Maklaren-Xonda” otağında gecələmək imkanı “Hilton” brendinin Hilton Honors sadiqlik proqramına üzv olan turistlər üçün təklif olunub və dünyanın hər bir yerindən olan milyonlarla turistə Azərbaycan mükafat yarışını tanıtmaq üçün daha bir imkan yaradır.

Layihə ölkəmizin turizm potensialını nümayiş etdirib mövcud imkanları təbliğ edərək, azarkeşləri paytaxtımıza səfər edib yarışı burada izləməyə həvəsləndirmək məqsədi daşıyır. Bu mövsüm Bakıda “Maklaren-Xonda” otağını Böyük britaniyadan olan fanat alıb. O, bir gün üçün 10.000 ABŞ dolları ödəyib.

Həmin kateqoriyadan