BŞH-nin sözçüsü paytaxtda nəqliyyatın hərəkəti ilə bağlı açıqlama verib

Bakı şəhər halqası əməliyyat şirkəti 10-12 iyunda Formula-1 Azərbaycan qran-prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı açıqlama yayıb. Allsport.az saytı xəbər verir ki, 6 iyun gecə 01:00-dan etibarən yarış trasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq.  

“Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona  yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsininin keçdiyi ərazidir.

Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış yerinə giriş icazəsi” veriləcək. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz əldə edə biləcəklər” – deyə, BŞH-nin milli mətbuat katibi Turab Teymurov bildirib. BŞH-nin sözçüsü sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

Hər il olduğu kimi, bu il də 2022-ci il Formula-1 Azərbaycan qran-prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq.

Piyadalar halqa ətrafında, Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınacaq keçid isə daimi olaraq quraşdırılıb.

Həmin kateqoriyadan