- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Millimizin keçmiş futbolçusu Vaqif Cavadov müsahibə verib. Allsport.az xəbər verir ki, o, yığmamızın uğursuz çıxışına görə tənqid edib, AFFA-nın icraçılarını yarıtmaz işdə qınayıb.
– Millimizin DÇ-2022-nin seçməsində Portuqaliya (0:1) və Serbiya (1:2), həmçinin yoldaşlıq görüşündə Qətərlə (1:2) oyununu yəqin ki, izləmisiniz. Təəssüratlarınız necədir?
– Bəli, oyunların hamısını izləmişəm. Portuqaliya ilə matçın birinci hissəsindəki mübarizəyə futbol deyə bilmərəm. İnanmıram ki, yığmamız tarix boyu indiyə qədər belə oyun göstərsin. Hətta 9 müdafiəçi ilə oynatdığı deyilərək tənqid olunan Foqtsun vaxtında belə, bu cür futbol olmamışdı. İkinci hissədəki dəyişikliklər və rəqibdəki arxayınlıq nəticəsində bizimkilər ümidverici çıxış etdilər. Qətərlə matç bunun əksi oldu. Bu dəfə ikinci hissə bərbad keçdi. Əsas heyətdə meydana çıxan Ramil Şeydayev qol da vurdu. Amma əgər baş məşqçisənsə, onun fiziki durumuna da bələd olmalısan. Fasilədə Ramili əvəzləmək lazım idi. Axı bilirsən ki, onun 85 dəqiqəlik gücü yoxdur. Fiziki gücünə əsasən demək lazımdır ki, Şeydayev 45 dəqiqəlik futbolçudur. Baş məşqçi belə nüansları görmürsə, daha nə deyə bilərəm?
– Bəs Serbiyaya məğlubiyyətin səbəbini nədə görürsünüz?
– Serbiya ilə matçdan bir gün əvvəl çox iddialı danışdılar. Amma necə qələbə qazana bilərsən ki, futbolçuların bir nəfəri də aldada bilmirlər. Ancaq arxaya, bir də uzun ötürmə verirdilər. Bizim vaxtımızda Mahir Şükürov da, orta sahədə Samir Abbasov da, Aleksandr Çertoqanov da, Elvin Məmmədov da, Əfran İsmayılov da, mən də driblinq edirdik, topu ələ keçirəndə rəqib oyunçularını aldadırdıq. Hətta Rəşad Sadıqov da müdafiənin mərkəzindən topla xeyli irəliləyirdi. Bu üç oyunda futbolçularımız bir nəfəri də aldada bilmədilər. Sonra da deyirlər ki, bizimkilər niyə Avropaya getmirlər? Avropa klubları 2-3 nəfəri rahat aldatmağı bacaran oyunçu istəyirlər. Ronaldo niyə indi heç kimə lazım deyil? Çünki artıq driblinq edə bilmir. Amma Messi hələ də 3-4 nəfəri aldadır. Təkcə ötürmə ilə qol vurulmur. Fərdi bacarığını da ortaya qoymalısan.
– Etiraf edək ki, Portuqaliya və Serbiya qrupun ən güclüləri idi. Bəziləri bunu nəzərə alıb minimalhesablı məğlubiyyəti pis nəticə saymır. Siz necə düşünürsünüz?
– Foqtsun vaxtında bir ara bizi də söyürdülər, tənqid edirdilər. Amma getdikcə xalqa futbolu sevdirə bildik. Azarkeşlər stadiona gəlməyə başladılar, komandaya ümid bəslədilər. Demirik ki, nəyəsə nail olmuşuq. Ancaq matçlarımız zamanı stadionlar ağzına qədər dolurdu. Öz mübarizəmizlə azarkeşləri sevindirmişik. Milli üzvlərinin belə, öz azarkeşləri var idi. İndi azarkeş kimin oyununa baxsın? Bəli, etiraf edirik ki, Portuqaliya və Serbiya bizdən güclüdür. Amma bu o demək deyil ki, mübarizə aparmayaq, öncədən təslim olaq.
– Son olaraq milliləşdirilən Anatoli Nuriyev Serbiya ilə görüşdə start heyətində yer almışdı. Onun çıxışı sizə ümid verdimi?
– Məncə, Anatoliyə vaxt lazımdır. Onda fərqli özəlliklər var. Hazırda milliləşən futbolçuların hamısından üstündür. Millidə ilk oyunlarıdır, psixoloji təzyiq olması normaldır. Bəlkə də, üzdən əsl oyununu göstərə bilmədi. Digərləri ilə müqayisədə Nuriyev nisbətən yaxşı futbolçuya bənzəyir.
– Bəs Əli Qurbani barədə düşüncələriniz nələrdir?
– Açığı, hazırda bizdə ucaboylu hücumçu yoxdur. Bu səbəbdən belə oyunçu lazımdır. Qurbani “ikinci mərtəbə”də yaxşıdır, hava toplarında qalib gələ bilir. Məsələn, Serbiya ilə görüşdə onun yanında bir sürətli oyunçu yer almalı idi. Baxırsan, cinahlarda heç kim yoxdur ki, hücuma dəstək versin. De Byazi sürəti olmayan futbolçuları oynadırdı. Tutaq ki, Əli Qurbani hava topunu qazandı, bəs kim qaçacaq?
– Sürətli hücumçudan söz düşmüşkən, Namiq Ələsgərovun Serbiya ilə oyunda “23-lüy”ə salınmaması çox narazılığa yol açdı. Sizcə, Ələsgərova qarşı haqsızlıq edildi, yoxsa baş məşqçi doğru qərar vermişdi?
– Bu barədə heç danışmağa ehtiyac yoxdur. Milliyə lazım olmayacaqsansa, Azərbaycan çempionatında heç qol vurma, boş yerə özünü niyə öldürürsən? Premyer liqanın bombardiri, lider komandanın aparıcı futbolçusu yığmanın “23-lüy”ünə düşə bilmirsə, bunun izahını versinlər. Baş məşqçi taktikasına görə, kimisə əsas heyətdə oynatmaya bilər. Amma Namiq qolları ilə “23-lük”də yer almağı haqq edib. Bu futbolçunu niyə sındırırsan? Həmçinin Ağabala Ramazanovu da çağırmamışdılar.
– Bu seçim həmin futbolçularda baş məşqçiyə qarşı inamsızlıq yaratmayacaq?
– Tamamilə doğrudur. Onlar millidə olmaqla klubdakı əziyyətin bəhrəsini görməlidirlər. Azərbaycan çempionatının bombardiri yığmaya düşmək üçün daha nə etməlidir? Ən yaxşılar çağırılmalı və oynamalıdırlar. İstədiklərini çağırırsansa, ən yaxşılara da hörmət edib, onlara da dəvət göndərməlisən. Milli futbolçu ilə prinsip aparılacaq yer deyil. Vaqif Cavadova 28 yaşında “sən Azərbaycan futboluna lazım deyilsən, qocalmısan” deyib, Əli Qurbanini 31 yaşında yığmaya çağırırsansa, belə çıxır ki, bunun göstərilən oyunla heç bir əlaqəsi yoxdur. Mənə, Əfran İsmayılova, Rauf Əliyevə “qoca” deyənlər Əli Qurbanini niyə çağırırlar? Elədirsə, Burağ İlmaz, Kriştianu Ronaldu, Serxio Buskets, Luka Modriç, Zlatan İbrahimoviçin millilərində nə işləri var? Onlara da desinlər ki, qocalmısan.
– İlk iki oyundan sonra qrupda sonuncu pillədəyik. Ümumiyyətlə, seçmə mərhələdə nəyə ümid edə bilərik?
– Biz bir seçmə mərhələni boşa verə də bilərik. Yetər ki, baş məşqçi fikrini dəyişməsin, gəncləşdirmə siyasətini davam etdirsin. Eybi yox, futbolumuzun 3-4 ilini də itirək, ancaq cavanlar daim oynasınlar, yaxşı gənclər milliyə çağırılsın. Amma bunu İspaniya, Almaniya, Türkiyədəki kimi etmək lazımdır. Onlarda gəncləşdirmə birdən-birə getmədi. İki təcrübəli, qalanı gənc olmaz. Dünya futbolunda belə şey yoxdur. İndi bizə deyə bilərlər ki, siz kimsiniz, məşqçilikdən danışırsınız? Amma karyeram, praktikam bunu görməyə kömək edirsə, deməliyəm. Futbol adamları, baş məşqçilər bunu görə bilmirlər? Məşqçilərimiz Foqtsun vaxtında “baltalayırdı”, indi danışsınlar da. Problemləri demək lazımdır. Mən elə insanam ki, AFFA-da işləsəm də, işləməsəm də həqiqətləri həmişə danışacağam. Yaxın ölkələr olan Gürcüstandan, Türkiyədən, Rusiyadan nümunələr götürməliyik. Bu ölkələrə diqqət yetirin, futbolda kimlər çalışır. Bizdə uşaq komandalarının gənc məşqçilərini tanımıram. Nə olsun ki, kateqoriyaları var. Axı heç futbolçu olmayıblar, necə məşqçilik edirlər? Elə buna görədir ki, futbolçuya 22 yaşında topla rəftarı öyrədirlər. Birinci divizionda 23 yaşlı futbolçuya “qoca” deyirlər. Bu insan bəs hara getsin? Hansı ağılla bu limiti qoyub, futbolu uçuruma aparırlar. Limit olsun, amma bir nəfərə. Daha 24 yaşlı futbolçunu siyahıdan silirlərsə, daha sözüm yoxdur (apasport.az).