- Baxış sayı: 25
- 28 Noyabr 2024 15:48
- Baxış sayı: 72
- Noyabr 28, 2024
- 0
“Komandama təşəkkür etmək istəyirəm. Əzmkarlıq göstərdilər, çox böyük istəklə meydana çıxmışdılar. Vacib 3 xal qazandıq, oyun da yaxşı alındı. Daha da inkişaf etmək üçün potensialımız var. Rəqibin gücü bəllidir. Ciddi hazırlaşmışdıq, sonda vacib xallar qazandıq”.
Allsport.az xəbər verir ki, bu sözü “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri premyer liqanın VI tur matçından sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, komandasından heç bir futbolçunun Azərbaycan millisinə çağırılmamasına təəccüblənib: “Çox futbolçumuz milliyə namizəddir. Məşqçinin qərarıdır. Heyətin oyuna 5-6 saat qalmış açıqlanması bir az qəribə oldu. Son bir neçə toplanışda iştirak edən futbolçularım bu gün çağırılmadı. Bu, onlara bir az təsir edə bilər. Milli hər futbolçu üçün önəmlidir. Yalnız heyətin belə açıqlanması məyusedici oldu. Heyət oyundan sonra və ya 1-2 gün əvvəl açıqlana bilərdi. Coşqun Diniyev son oyunlarda yaxşı çıxış edir. Bu tip oyunçulara daha çox qayğı və diqqət göstərməliyik ki, fayda versinlər”.
Sadıqovun sözlərinə görə, heyətin erkən açıqlanması komandaya psixoloji təsir edə bilməz: “Sadəcə, artıq həm futbolçuları oyuna motivasiya etməlisən, həm də milliyə çağırılmadıqları üçün onları ruhlandırmalısan. Diniyev kimi oyunçular qorunmalıdır ki, daha çox inkişaf etsinlər. Bu futbolçular bizim gələcəyimizdir. Mən onun yerində olsam, hansı qərarı verərdim, bilmirəm. Coşqunun oyununu çox bəyənmirəm. Onun daha böyük səviyyədə oynamaq potensialı var. Bəlkə də milliyə çağırılmaması onun üçün daha motivasiya olacaq. Milliyə uğurlar arzu edirəm”.
Baş məşqçinin milli komandanın oyunları ilə bağlı yaranacaq fasilənin həm mənfi, həm də müsbət tərəflərinin olduğunu vurğulayıb: “Yaxşı gedən komanda heç vaxt istəməz ki, fasilə olsun. Amma zədəlilərimizin bərpası üçün də vaxt olacaq”.
Sadıqov komandasının nəyə qadir olması ilə bağlı əvvəlcədən proqnoz verməyin çətin olduğunu deyib: “Məni sevindirən amil odur ki, komandam böyük xarakter göstərir. Qol buraxsaq da, məyus olmur, sınmırıq. Düşünürəm ki, hər komanda inkişaf edə bilir. Heç vaxt maksimumun nə olacağını deyə bilməzsiniz”.
O, Filip Paxtmanın yenidən zədələndiyini və 6-7 ay komandadan kənarda qalacağını bildirib: “Amma onunla yolları ayırmağı düşünmürük. Hesab edirəm ki, Paxtman Azərbaycana gəlmiş ən yaxşı 3 hücumçudan biridir. Bilmirəm, şanssızlıqdır, ya qismət. Onunla birlikdəyik, ona inanırıq”